“Dövlət Gömrük Komitəsi tərəfindən dövlət sərhədində sanitariya
nəzarəti işinin təşkili və qurumlararası əməkdaşlıq” mövzusunda
“Dəyirmi masa” keçirilib.
Dövlət Gömrük Komitəsindən AzerTimes-a verilən məlumata görə, Tibbi
Xidmət İdarəsinin nəzdində Sanitar Karantin Xidmətinin
yaradılmasının ildönümünə həsr edilmiş tədbirdə Dövlət Gömrük
Komitəsi ilə yanaşı, sərhəddə sanitariya nəzarətinin təşkilində
iştirak edən dövlət qurumlarının və Ümumdünya Səhiyyə Təşkilatının
nümayəndələri də iştirak edib.
Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin müavini,
gömrük xidməti general-mayoru Cavad Qasımov vurğulayıb ki,
pandemiya dövründə Prezident İlham Əliyev tərəfindən insanların
sağlamlığının qorunması, virusun yayılmasının qarşısının alınması,
ticarət-təchizat zəncirinin davamlılığının təmin edilməsi məqsədilə
xüsusi tədbirlər həyata keçirilib. Dövlət Gömrük Komitəsi də
qarşıya qoyulan məsələlərin uğurla icra edilməsi, xüsusilə COVİD-19
virusuna yoluxan insanların Mərkəzi Gömrük Hospitalında müalicəsi,
gömrük-sərhəd keçid məntəqələrində sanitar-epidemioloji nəzarətin
səmərəli təşkili, bu sahəyə cavabdeh olan dövlət qurumları ilə
əməkdaşlığın gücləndirilməsi, malların və nəqliyyat vasitələrinin
təhlükəsiz şəkildə hərəkətinin təmin olunması istiqamətində mühüm
addımlar atıb. O da qeyd olunub ki, görülən tədbirlərin nəticəsi
olaraq pandemiya dövründə idxal-ixrac əməliyyatları və tranzit
daşımaların həcmində artım müşahidə olunub. Komitə sədrinin müavini
Tibbi Xidmət İdarəsinin nəzdində Sanitar Karantin Xidmətinin
yaradılmasının əhəmiyyətindən, dövlət sərhədində sanitariya
nəzarətinin təşkilində qurumun rolundan məmnunluqla bəhs edib.
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi, tibb
xidməti general-mayoru Ceyhun Məmmədov əhalinin sağlamlığının
qorunmasının ölkə rəhbərliyi tərəfindən daim nəzarətdə
saxlanıldığını bildirib. Qeyd olunub ki, bu istiqamətində qarşıya
qoyulan məsələlərdən biri də dövlət sərhədində epidemioloji
sabitliyə ciddi nəzarət edilməsidir. Ceyhun Məmmədov dövlət
sərhədində sanitariya-karantin tədbirlərinin gücləndirilməsi,
təhlükəli xəstəliklərin sərhəd-buraxılış məntəqələrində qarşısının
alınmasında Sanitar-Karantin Xidmətinin əhəmiyyətli rol oynadığını
vurğulayıb.
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin
rəhbəri Hande Harmancı, Qida Təhlükəsizliyi Agentliyinin sədr
müavini Zəkiyyə Mustafayeva, TƏBİB-in Strateji inkişaf
departamentinin rəhbəri Yaqut Qarayeva çıxış edərək dövlət
sərhədində sanitariya nəzarətinin təşkili və bu istiqamətdə Dövlət
Gömrük Komitəsi ilə səmərəli əməkdaşlıqdan məmnunluqla bəhs
ediblər.
“Dəyirmi masa”nın moderatoru, Dövlət Gömrük Komitəsi Tibbi
Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım “DGK TXİ Sanitar
Karantin Xidmətinin yaradılmasının məqsəd və vəzifələri” mövzusunda
ilk məruzə ilə çıxış edib. O, təqdimatında Tibbi Xidmət İdarəsinin
Sanitar Karantin Xidmətinin fəaliyyəti, gördüyü işlər barədə tədbir
iştirakçılarını məlumatlandırıb.
Daha sonra Dövlət Gömrük Komitəsinin, Səhiyyə nazirliyinin,
TƏBİB-in və ÜST-nin mütəxəssisləri tərəfindən dövlət sərhədində
sanitariya nəzarətinin təşkili, qurumlararası əməkdaşlıq, COVİD-19
xəstəliyinə şübhəlilərin aşkarlanması və digər mövzularda
məruzələrlə çıxış edib, mövzularla bağlı fikir mübadiləsi
aparıblar.