Dövlət qurumları və sahibkarlardan ibarət nümayəndə heyətinin İordaniyaya işgüzar səfəri başa çatıb (FOTO)

Məlumat verildiyi kimi, Kiçik və Orta Biznesin İnkişafı
Agentliyinin (KOBİA) təşkilatçılığı, ölkəmizin İordaniyadakı
səfirliyi ilə əlaqələndirilməklə Azərbaycanda biznesə dəstək
göstərən qurumların nümayəndələri, eləcə də kənd təsərrüfatı, qida,
turizm, səhiyyə, təhsil sektorlarında fəaliyyət göstərən və
idxal-ixrac əməliyyatları ilə məşğul olan iş adamları İordaniyada
işgüzar səfərdə olub.

Agentlikdən AzerTimes-a verilən
məlumata görə, səfər çərçivəsində aprelin 18-də KOBİA-nın İdarə
Heyətinin sədri Orxan Məmmədov İordaniyanın Rəqəmsal İqtisadiyyat
və Sahibkarlıq naziri Ahmad Hanandeh, Sahibkarlığın İnkişafı
Koorporasiyasının rəhbəri Abdel Fatah Al Kayed, Sənaye, Ticarət və
Təchizat Nazirliyinin baş katibi xanım Dana Al-Zoubi və Ticarət
Palatasının birinci vitse-prezidenti Jamal Rifai ilə görüşüb.

Görüşlərdə müvafiq olaraq biznes və investisiya sahəsində yeni
təşəbbüslərə, KOB-ların rəqəmsallaşmasına, İordaniya və Azərbaycan
arasında ticarət əlaqələrinin genişləndirilməsinə, sahibkarlıq
sahəsində mümkün birgə layihələrə və əməkdaşlıq imkanlarına dair
fikir mübadiləsi aparılıb, Azərbaycanda KOB sektorunun inkişafı,
Agentliyin sahibkarlara göstərdiyi dəstək və xidmətlər barədə
məlumat verilib.

Həmçinin, KOBİA və İordaniyanın Ticarət Palatası arasında
əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi KOBİA-nın
İdarə Heyətinin sədri Orxan Məmmədov və Ticarət Palatasının birinci
vitse-prezidenti Jamal Rifai imzalayıblar. Sənəd hər iki ölkənin
KOB-ları arasında əməkdaşlığın təşviqini, ticarət və investisiya
imkanları sahəsində qarşılıqlı məlumat, KOB-lara xidmətin
göstərilməsi üzrə fəaliyyətin təşkili və idarə edilməsinə dair
təcrübə mübadiləsini, KOB-lar arasında əməkdaşlığın
genişləndirilməsi üçün birgə tədbirlərin təşkilini və digər
istiqamətlərdə əməkdaşlığı nəzərdə tutur.

Qeyd edək ki, 17-18 aprel tarixlərini əhatə edən səfərin məqsədi
Azərbaycan və İordaniyanın iş adamları və müvafiq qurumları
arasında əlaqələrin genişləndirilməsi, birgə biznes və investisiya
layihələrinin reallaşdırılması imkanlarının, ticarət əlaqələrinin
inkişafı və İordaniya bazarına çıxış perspektivlərinin müvafiq
qurumlarda müzakirə olunmasıdır. Səfər çərçivəsində aprelin 17-də
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov İordaniyanın
investisiya naziri Khairy Amr və Sənaye Palatasının sədri Fathi
Al-Jagber ilə görüşərək ticarət və investisiya sahəsində əməkdaşlıq
imkanlarını, bu istiqamətdə iş adamları arasında əlaqələrin
genişləndirilməsi perspektivlərini müzakirə edib. Əmman şəhərində
keçirilmiş İordaniya-Azərbaycan İqtisadiyyat və İnvestisiya
Forumunda Azərbaycanın biznes və investisiya imkanları İordaniyanın
biznes ictimaiyyətinə təqdim olunub. Həmçinin, KOBİA ilə
İordaniyanın Sənaye Palatası və İordaniya İş Adamları Assosiasiyası
arasında əməkdaşlığa dair Anlaşma Memorandumları imzalanıb.