Xəbər - Humay Ağacanova – Trend:
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 13 fevral 2022-ci il
tarixində dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati
icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr
üzrə dövlət qulluğuna qəbul olmaq üçün test imtahanı keçirilib.
Dİm-dən Trend-ə bildirilib ki, imtahan nəticələri bu
gün saat 15:40-dan etibarən
DİM-in saytında yerləşdirilib. Namizədlər imtahanın nəticələri
haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar,
Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də
öyrənə bilərlər.
İmtahanda 1650 nəfər iştirak edib. İmtahan nəticələrinə əsasən,
BA1 altqrupu üzrə 3 nəfər, BA2 altqrupu üzrə 16 nəfər, BA3 altqrupu
üzrə 26 nəfər, BA4 altqrupu üzrə 54 nəfər, BB1 altqrupu üzrə 37
nəfər, BB2 altqrupu üzrə 70 nəfər, BB3 altqrupu üzrə 135 nəfər, BB4
altqrupu üzrə 184 nəfər olmaqla, ümumilikdə 525 namizəd tələb
olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.
Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara
daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək.
Sertifikatın qüvvədə olma müddəti 5 ildir.
Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə
etmək üçün fevralın 15-dən 28-dək DİM-in portalında müraciət
formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların
düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin “skan”
edilmiş surətləri formaya əlavə edilir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti (olduğu halda).
Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş
sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə
yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin
(sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və
ya eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əslini 5 (beş) iş günü
müddətində DİM-ə təqdim etməlidir.
İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik
olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin
altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun
olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan
edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd
qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının
ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin
tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə
bilməz.