Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçiriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğunda fəaliyyətin
davam etdirilməsi üzrə test imtahanı 8 may tarixində
keçiriləcək.

DİM-dən Trend-ə verilən məlumata görə, test imtahanında
iştirak etmək istəyən namizədlərin qeydiyyatı
Mərkəzin internet portalında
5 aprel 2022-ci ildən 29 aprel
2022-ci il saat 18:00-dək həyata keçiriləcək. Dövlət qulluğunda
fəaliyyətin davam etdirilməsi üzrə test imtahanının mütəmadi
keçirilməsi nəzərdə tutulur.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun
28-1-ci maddəsinə uyğun olaraq dövlət qulluqçusu kimi fəaliyyətini
davam etdirmək istəyən şəxs sertifikatın qüvvədə olma müddətinin
son ilində, lakin həmin sertifikatın qüvvədə olma müddətinin bitmə
tarixindən gec olmayaraq növbəti sertifikat almaq üçün Dövlət
İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda iştirak etməli və
yenidən sertifikat almalıdır.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il
31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək
(10.08.2016-cı il tarixinədək) “Dövlət qulluğu haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq dövlət qulluğuna qəbul
olunmuş dövlət qulluqçuları (10 ildən az qulluq stajı olan dövlət
qulluqçuları), onlar daha yüksək inzibati vəzifənin tutulması üçün
müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam
etdirilməsi üzrə sertifikat almalıdırlar.

Qeyd edilənlərə əsasən dövlət qulluğunda fəaliyyətin davam
etdirilməsi üzrə keçirilən test imtahanında aşağıdakı şəxslər
iştirak edə bilər:

– Sertifikat alaraq dövlət qulluğuna qəbul edilən və dövlət
qulluqçusu kimi fəaliyyətini davam etdirmək istəyən şəxs
sertifikatın qüvvədə olma müddətinin son ilində, lakin həmin
sertifikatın qüvvədə olma müddətinin bitmə tarixindən gec
olmayaraq;

– “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il
31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək
(10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə
qəbul olunmuş,inzibati vəzifələr üzrə 10 ildən az qulluq stajı olan
və daha yüksək inzibati vəzifənin tutulmasına iddia edən dövlət
qulluqçuları.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən
test imtahanı üçün test nümunələrinin hazırlanması, test
imtahanının təşkili, qiymətləndirmənin aparılması Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin 10 mart 2017-ci il tarixli 86
nömrəli Qərarı ilə təsdiq edilən “Dövlət qulluğuna qəbul, dövlət
qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu
vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün
test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test
imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması
Qaydası”na əsasən həyata keçirilir. Həmin Qaydaya əsasən test
imtahanı dövlət qulluğu vəzifələrinin qrupları üzrə keçirilir.

Həmin Qanununun 28-1.1 və 28.2-ci maddəsinin 3-cü hissəsinə
uyğun olaraq test imtahanları ödənişli əsaslarla həyata keçirilir.
İmtahanlarda iştirak etmək üçün ödənişin məbləği Azərbaycan
Respublikasının Tarif (Qiymət) Şurası tərəfindən müəyyən
edilib.

Müvafiq test imtahanında iştirak edən və Nazirlər Kabinetinin 10
mart 2017-ci il tarixli 86 nömrəli Qərarı ilə müəyyən edilən keçid
balını toplayan şəxsə Mərkəz tərəfindən dövlət qulluğu vəzifələri
üzrə test imtahanından keçmək barədə sertifikat (Dövlət qulluğunda
fəaliyyətin davam etdirilməsi üzrə sertifikat) verilir.
Sertifikatda dövlət qulluqçusuna dövlət qulluğunda fəaliyyəti davam
etdirmək hüququ verilən vəzifələr müəyyən edilir. Qanunvericiliyə
uyğun olaraq sertifikatın qüvvədə olma müddəti beş ildir.

Müvafiq sertifikatı alaraq dövlət qulluğuna qəbul edilən dövlət
qulluqçuları dövlət qulluğu vəzifəsində fəaliyyətlərini davam
etdirmək üçün qulluq keçdikləri vəzifənin daxil olduğu altqrupu
üzrə müvafiq sertifikat almalıdır.

Test imtahanının məzmunu aşağıdakı qaydada müəyyən edilib:

– AB vəzifə qrupuna aid inzibati rəhbər vəzifələr üzrə test
imtahanında dövlət qulluqçularının qanunvericilik üzrə bilikləri
(30 test tapşırığı), məntiqi təfəkkürün səviyyəsi (20 test
tapşırığı), dünyagörüşü (10 test tapşırığı), mətn təhliletmə
bacarığı (10 test tapşırığı) və rəhbər vəzifələrin icrası üzrə
situasiya mühakimə bacarıqları (15 test tapşırığı) yoxlanılır;

– AC vəzifə qrupuna aid inzibati rəhbər vəzifələr üzrə test
imtahanında dövlət qulluqçularının qanunvericilik üzrə bilikləri
(30 test tapşırığı), məntiqi təfəkkürün səviyyəsi (20 test
tapşırığı), dünyagörüşü (10 test tapşırığı), mətn təhliletmə
bacarığı (10 test tapşırığı) və situasiya mühakimə bacarıqları (15
test tapşırığı, o cümlədən rəhbər vəzifələrin icrası üzrə 7, ümumi
xarakterli 8 test tapşırığı) yoxlanılır;

– BA və BB vəzifə qruplarına aid inzibati icraçı vəzifələr üzrə
test imtahanlarında dövlət qulluqçularının qanunvericilik üzrə
bilikləri (30 test tapşırığı), məntiqi təfəkkürün səviyyəsi (20
test tapşırığı), dünyagörüşü (10 test tapşırığı), mətn təhliletmə
bacarığı (10 test tapşırığı) və ümumi xarakterli situasiya mühakimə
bacarıqları (15 test tapşırığı) yoxlanılır;

– qanunvericilik üzrə bilik səviyyəsi müəyyən edilmiş proqram
(əlavə
olunur
) üzrə hazırlanmış test tapşırıqları əsasında
yoxlanılır;

– dövlət qulluqçusunun məntiqi təfəkkürünün səviyyəsi müvafiq
proqrama (əlavə
olunur
) uyğun olaraq hazırlanmış test tapşırıqları əsasında
yoxlanılır;

– dövlət qulluqçusunun dünyagörüşünün səviyyəsi ölkədə və
cəmiyyətdə baş verən mühüm hadisələrə dair hazırlanmış test
tapşırıqları əsasında yoxlanılır. Dünyagörüşü Azərbaycan tarixi,
coğrafiya, mədəniyyət və ədəbiyyat sahələri üzrə ümumi bilikləri
əhatə edir.

Azərbaycan tarixi üzrə test tapşırıqları qədim dövrlərdən müasir
dövrədək xalqımızın dövlətçilik ənənələri, Azərbaycan xalqının
təşəkkülü və formalaşması, Azərbaycanın məruz qaldığı yad təsirlər
və onlara qarşı mübarizə, tarixi proseslərin gedişində ortaya çıxan
dövlət qurumlarımız, milli azadlıq hərəkatı, dövlətçiliyimizin
bərpası, qorunması, inkişafı, müasir dövrdə Azərbaycanın dünyadakı
mövqeyi, ölkənin ümumi inkişafını şərtləndirən amillər, I və II
Qarabağ müharibəsi haqqında məlumatları əhatə edir.

Coğrafiya üzrə test tapşırıqları ölkəmizin təbiəti, təbii
ehtiyatları, əhalisi, iqtisadi inkişaf meyilləri haqqında coğrafi
bilikləri, insan və təbiətin qarşılıqlı əlaqəsini, qlobal
problemlər və bunların Azərbaycana təsiri barədə bilikləri əhatə
edir.

Mədəniyyəti əhatə edən test tapşırıqları qədim zamanlardan bu
günə kimi mədəniyyətimizin keçdiyi tarixi inkişaf yolunu əhatə
edir.

Ədəbiyyatı əhatə edən test tapşırıqları dövlət qulluqçularının
müxtəlif ədəbi növdə olan əsərlərin məzmununu, onların xalqımızın
inkişafındakı rolunu, taleyüklü hadisə və proseslərə yazıçı
mövqeyini özündə əks etdirir.

– dövlət qulluqçusunun mətn təhliletmə bacarıqları verilmiş
mətnə dair hazırlanmış suallar əsasında yoxlanılır. Mətn təhliletmə
blokunda namizədlərə humanitar, sosial-iqtisadi, elmi-puplisistik
və s. mövzularda mətnlər və onların əsasında suallar təqdim
olunacaq. Bu suallarla dövlət qulluqçusunun ona təqdim olunmuş
mətndə verilmiş verbal məlumatları anlamaq, ümumiləşdirmək,
mücərrədləşdirmək, mətni məntiqi və tənqidi təhlil etmək,
məlumatlardan nəticə çıxarmaq, mətnə əsasən verilmiş mülahizələri
(mülahizənin doğruluğunu) qiymətləndirmək bacarıqları yoxlanılacaq.
Sualların cavablandırılması zamanı yalnız mətndə əks olunan
məlumatlara istinad olunmalıdır.

– situasiya mühakimə testi (SMT) işlə əlaqədar situasiyalarda
şəxsin müvafiq davranışı müəyyən etmə qabiliyyətini yoxlayır. Bu
testə daxil olan tapşırıqlarda namizədə real, hipotetik ssenarilər
təqdim edilir və vəziyyətlə əlaqədar ən səmərəli və ya ən səmərəsiz
variantı seçməsi, yaxud verilmiş cavab variantlarının səmərəlilik
dərəcəsini müəyyən etməsi tələb olunur.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi ilə bağlı test
İmtahanında yoxlanılacaq bilik sahələri, hər sahə üzrə test
tapşırıqlarının sayı və vəzifə altqrupları üzrə keçid balları
haqqında məlumatlar
Mərkəzin internet portalında
yerləşdirilib.

Teqlər: