Dövlət Komitəsinin sədri Stokholmda Qarabağla bağlı fotosərgini ziyarət edib (FOTO)

Stokholm şəhərində məşhur isveçli fotoqraf Mikael Silkebergin
Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş fotosərgisinin
açılış mərasimi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycanın
İsveçdəki səfirliyinin iştirakı ilə mərasim şəhərin Stadsholmen
adasında yerləşən məşhur Qamla-Standakı qalereyaların birində baş
tutub.

Açılış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK)
sədri Fuad Muradov, Azərbaycanın İsveçdəki fövqəladə və
səlahiyyətli səfiri Zaur Əhmədov, Türkiyənin və Pakistanın bu
ölkədəki səfirləri, Azərbaycan icmasının və yerli ictimaiyyətin
nümayəndələri iştirak ediblər.

Sərgidə fotoqrafın ötən il DİDK-nın dəstəyi ilə Ağdam, Füzuli və
Şuşaya səfəri zamanı erməni işğalından azad olunmuş ərazilərimizdən
çəkdiyi 30 foto əsəri təqdim olunub. Bu əsərlərdə işğalçı
Ermənistanın torpaqlarımızda törətdiyi vandalizm aktları öz əksini
tapıb.

Tədbirdə çıxış edən Komitə sədri və səfirlər 1992-ci il fevralın
25-dən 26-na keçən gecə Ermənistan silahlı birləşmələrinin məhz
azərbaycanlı olduqlarına görə Xocalıda dinc sakinlərə qarşı
törətdiyi dəhşətli soyqırımını bəşəri cinayət və beynəlxalq hüquq
normalarının kobudcasına tapdalanması kimi qiymətləndiriblər.
Beynəlxalq səviyyədə Xocalı soyqırımına hüquqi və siyasi qiymət
verilməsi istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin
rəhbərliyi ilə dövlətimizin həyata keçirdiyi məqsədyönlü fəaliyyət,
2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət!” beynəlxalq
məlumatlandırma kampaniyası, ildən-ilə genişlənən bu kampaniya
çərçivsində diaspor təşkilatlarının gördüyü işlər, Azərbaycan və
türk icmalarının birgə fəaliyyət istiqamətləri barədə ətraflı
məlumat verilib.

Sərginin nümayişi iki həftə davam edəcək.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə
dünyanın 40 ölkəsində Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar
150-yə yaxın tədbirin keçirilməsi nəzərdə tutulur.

Teqlər: