Dövlət İmtahan Mərkəzi II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirib

22 may 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzi (DİM)
tərəfindən II ixtisas qrupu (o cümlədən III ixtisas qrupu üzrə DT
və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni)
üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.

Trend DİM-ə
istinadla xəbər verir ki, imtahan keçirilən şəhər və rayonlarda 98
imtahan binası, 1715 imtahan zalı ayrılıb. İmtahanların idarə
olunmasına 98 ümumi imtahan rəhbəri, 280 imtahan rəhbəri, 2138
nəzarətçi–müəllim, 240 buraxılış rejimi əməkdaşı, 98 bina
nümayəndəsi ayrılıb.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah
fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla
əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün
binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara
öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait
yaradılıb.

6 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric
olunub. 1 nəfərdə isə “ağıllı” saat aşkarlanıb.

İmtahanda 22878 abituriyentin iştirakı nəzərdə tutulurdu.
İmtahanda, həmçinin 19 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən
əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Bu
abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan
binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün
tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər
üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli
abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə
hərəkəti üçün də xüsusi şərait yaradılıb.

İmtahanda istifadə olunmuş qapalı və kodlaşdırıla bilən açıq
tipli test tapşırıqlarının doğru cavab etalonları yaxın saatlarda
Mərkəzin “Teleqram” kanalına (https://t.me/stateexamcenter),
digər sosial şəbəkə hesablarına və saytına yerləşdiriləcək.

Bu gün saat 16:00-da DİM-in “Youtube
və “Facebook
səhifələri vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul
əməkdaşları, ekspertlər tərəfindən həm III, həm də II ixtisas qrupu
üzrə imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı
geniş izahat veriləcək.

Abituriyentlər suallarını “Facebook”da
yerləşdirilən müvafiq postun altına yaza və ya
[email protected]
elektron poçtuna göndərə bilərlər.

Mayın 23-dən etibarən DİM-də imtahan protokolları və
materialların emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli
tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin
yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

Növbəti qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin bir
daha nəzərinə çatdırırıq ki, sənədlərlə (şəxsiyyət vəsiqəsinin
əsli, buraxılış vərəqi) bağlı diqqətli olsunlar. Bundan əlavə,
imtahan saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə
qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır və bundan sonra
gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Kütləviliyin qarşısının alınması məqsədilə imtahan iştirakçıları
üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və
imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib.
Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan
vaxtda gəlmək lazımdır.

Teqlər: