Dövlət İmtahan Mərkəzi bu gün 5 imtahan keçirib

Xəbər - Elçin Mehdiyev – Trend:

Dövlət İmtahan Mərkəzi tərəfindən 11 avqust 2021-ci il tarixində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan, iyun ayında keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən şagirdlər üçün buraxılış imtahanı, eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanları keçirilib.

DİM-dən AzerTimes-a verilən məlumata görə, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Abşeron, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Sabirabad, Lənkəran, Cəlilabad və Xaçmaz rayonlarında təşkil olunub.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 53 imtahan binası, 892 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 53 ümumi imtahan rəhbəri, 147 imtahan rəhbəri, 1098 nəzarətçi-müəllim, 106 buraxılış rejimi əməkdaşı (mühafizə), 53 bina nümayəndəsi ayrılıb.

İmtahanlarda ümumilikdə 11552 abituriyentin (şagirdin) iştirakı nəzərdə tutulurdu.

İmtahanlarda 23 nəfər fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli) abituriyent də iştirak edib. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər, eşitmə əngəlli şagirdlər üçün isə surdopedaqoqlar təyin edilib.

Bu gün, həmçinin Mərkəz tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün də test imtahanı keçirilib.

Bu imtahanın keçirilməsi üçün 6 bina, 132 zal, 6 ümumi imtahan rəhbəri, 15 imtahan rəhbəri, 127 nəzarətçi‑müəllim, 12 buraxılış rejimi əməkdaşı ayrılıb.


Bütün imtahanlarda kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

Ümumi orta təhsil səviyyəsi üzrə keçirilən imtahanda 1 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub. Bundan əlavə, imtahanda iştirak etməli olan abituriyentin əvəzinə başqa bir şəxsin imtahana gəlməsi halı da müəyyən edilib. Dövlət qulluğuna qəbul imtahanında da 1 nəfərdə mobil telefon aşkar edilib. Qeyd olunan qayda pozuntuları protokollaşdırılıb və müvafiq araşdırma aparılacaq.

Bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalına başlanılacaq. Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən imtahanların nəticələrinin yaxın 3 gün, dövlət qulluğuna qəbul imtahanının nəticələrinin isə gün ərzində elan olunması nəzərdə tutulur.

Twitter: @ElchinMehdiyev

Teqlər: