Dövlət büdcəsində azad edilmiş ərazilərdə bərpa tədbirlərinə önəm verilməsi qürurvericidir – Deputat

Qürurverici haldır ki, müzakirə etdiyimiz 2022-ci il üçün dövlət büdcəsində müzəffər ordumuz tərəfindən işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq tədbirləri də nəzərdə tutulur. Ümumilikdə layihəni məqbul hesab edirəm.

AzerTimes-ın məlumatına görə, bunu deputat Afət Həsənova Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zaman deyib.

Deputat, həmçinin çıxışında əlilliyin təynatı ilə bağlı bəzi məsələlərə toxunub.

“Bildiyiniz kimi dövlət büdcəsi xərclərinin səmərəli təşkili tədbirləri çərçivəsində bu sahədə də şəffavlığın təmin edilməsi, saxta əlilliyin qarşısının alınması məqsədi ilə bir sıra təqdirəlaiq islahatlar aparılmışdır. Belə ki, hazırki sistem üzrə vətəndaş vətəndaş müvafiq göndərişin (forma 88) tərtib edilməsi üçün qeydiyyatda olduğu yer üzrə səhiyyə müəssisəsinə müraciət edir.

Bundan sonra hazırlanmış məlumat Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminə (TSERAS) tərəfindən adsızlaşdırılaraq şifrəli formada əlilliyin qiymətləndirilməsi üçün elektron qaydada hər hansı TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir.

Göndərişi elektron formada qəbul etmiş TSEK həmin sənəddə qeyd olunan xəstəliyin vəziyyəti barədə məlumatlar əsasında əlillik təyin olunub-olunmamasına dair qərar qəbul edir.

Elə vətəndaşların narazı qaldığı məqamlar da bu hissədə meydana gəlir. Belə ki, əlilliyin təyin edilməsinə dair sənədlər araşdırılarkən bir çox hallarda formanın tam doldurulmaması səbəbindən, bəzən də xəstəyə ixtisaslaşmış müalicə məsləhət görülməklə imtinalar olunur.

Keçirdiyim qəbul zamanı şəxsən mənə təqdim edilmiş sənədlərdə xəstəliyi kəskin ifadə olunan şəxsin müraciətinə ilkin olaraq formanın tam doldurulmaması səbəbindən, ikinci müraciətinə xəstəyə ixtisaslaşmış müalicə məsləhət görülməklə imtina edilmiş, daha sonra 3-cü dəfə edilən müraciətinə əsasən eyni sənədlər əsasında ona 3-cü qrup əlillik təyin edilmişdir.

Hər bir təkrar müraciət arasında ötən aylarla müddəti də nəzərə alsaq faktiki əmək qabiliyyəti olmayan həmin ailə başçısının maddi cəhətdən ailə vəziyyətini təsəvvür etmək çətin deyil.

Odur ki, fikrimcə hərkəs öz işində dəqiq, ciddi obyektiv və məsuliyyətlə yanaşmalı, fəaliyyətində qanunu ali tutmalıdır. Heç bir formada büdcəyə qənaət anlayışı, eləcə də saxta əlilliyin ləğvi ilə bağlı tədbirlər vətəndaşların müraciətlərinə səthi baxılmasına, əsassız imtinalara və ya gecikdirmə hallarına səbəb və ya əsas ola bilməz” – deyə deputat bildirib.

Teqlər: