Dövlət Agentliyində İkinci Dünya müharibəsinin iştirakçısı Fatma Səttarova ilə görüş keçirilib (FOTO)

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ofisində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri ilə İkinci Dünya müharibəsinin iştirakçısı Fatma Səttarova ilə görüş keçirilib.

AzerTimes xəbər verir ki, görüşdə Agentliyin İcraçı direktoru Aygün Əliyeva Fatma Səttarovanı 100 illik yubileyi münasibəti ilə təbrik edib, səmimi arzularını çatdırıb. Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Prezident İlham Əliyev tərəfindən “İstiqlal” ordeni ilə təltif edilməsini Fatma Səttarovanın dövlətçiliklə bağlı işlərinə verilən yüksək dəyər kimi qiymətləndirib. Gənclər günündə keçirilən görüşü “Nəsillərin görüşü” kimi dəyərləndirən Aygün Əliyeva 100 ilin adamının keçdiyi həyat yolunun və fəaliyyətinin gənclərə əsl nümunə və örnək olduğunu vurğulayıb.

Fatma Səttarova Agentlikdə olmasından və bu görüşdən məmnun olduğunu bildirib. Səmimi şəraitdə keçirilən görüşdə Fatma Səttarova onun həyat fəaliyyətinə dövlət qayğısından, Prezident İlham Əliyevlə görüşündən bəhs edib. Sonra Agentliyin əməkdaşlarının suallarını cavablandırıb, onlara öz tövsiyələrini verib.

Daha sonra Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyyatda olan polkovnik Cəlil Xəlilov təşkilatın fəaliyyət göstərdiyi uzun illər ərzində ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etdiyini və bu gün də yüksək fəallığı ilə seçilən aparıcı ictimai qurumlardan biri olduğunu vurğulayıb. Natiq Respublika Veteranlar Təşkilatının hazırda gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, onların dövlətimizə və xalqımıza sədaqət ruhunda yetişmələri istiqamətində ardıcıl və səmərəli fəaliyyətindən, veteranların sosial müdafiəsinin gücləndirilməsi sahəsində görülən işlərdən, 44 günlük Zəfər müharibəsinin 500 nəfər gənc veterenı artıq təşkilatın üzvü olduğundan, Təşkilatın xarici ölkələrin müvafiq təşkilatları ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsindən danışıb.

Sonda 100 illik yubileyi münasibəti ilə Fatma Səttarovaya Agentlik tərəfindən xatirə hədiyyəsi təqdim edilib.

Teqlər: