DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində fərqli yaradıcılıq imkanları nümayiş olunub (FOTO)

Autizmli uşaqların yaradıcı potensialının dəstəklənməsi
məqsədilə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində keçirilən
“Fərqliliyə qucaq aç!” tədbiri uşaqların həm də fərqli imkanlara –
istedad və bacarıqlara malik olduqlarını cəmiyyətə nümayiş
etdirməsi ilə yadda qaldı.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliydnən Trend-ə verilən məlumata
görə, tədbirdəki çıxışında da nazir Sahil Babayev ölkəmizdə bu
kateqoriyadan olan insanlara diqqət və qayğıdan bəhs edərək,
autizmli uşaqların cəmiyyətə inteqrasiyasında belə tədbirlərin
ardıcıl və getdikcə daha əhatəli xarakter almasının əhəmiyyətini
vurğuladı.

Tədbir boyu iştirakçılar özü də autizmli olan Hüseynin
aparıcılıq qabiliyyətinin şahidi oldular. Mərkəzdə yeni yaradılan
inklüziv kamera orkestrinin yaddaqalan konsert proqramından, təqdim
edilən klassik musiqilərdən, xüsusilə görmə məhdudiyyətli Fərid
Abdullayevin tarda ifa etdiyi musiqidən zövq aldılar.

Görmə məhdudiyyətli şəxslər Xaliq Şərifovun, Seymur Əliyevin,
Nurlan Əhmədovun, Səbinə Əsgərovanın və b. ifaları, autizm spektrlı
Əlisahib Bayramovun solo piano ifası və s. yaradıcılıq nümunələri,
Əli və İsmayılın, kapoeyra təlimçiləri Asya və Çingizin
təqdimatında kapoeyra teatral nömrəsi tamaşaçılara xoş duyğular
yaşatdı.

Autizmli uşaqların Mərkəzdə hazırladıqları rəsm əsərləri,
keramika məhsullarından ibarət satış-sərgisi də izləyicilərdə böyük
marağa səbəb oldu. Həmin kateqoriyadan olan uşaqların təqdim etdiyi
“Qırmızı papaq” inklüziv tamaşası isə alqışlarla qarşılandı.
İştirakçılar autizmli uşaqların hazırladığı şirniyyat növlərini də
çox bəyəndilər.

Beləliklə, sağlamlıq imkanları məhdud insanlar inklüziv məkanda
fərqli imkanlarını, sağlamlıq imkanları məhdud olsalar da yaradıcı
imkanlarının genişliyini bir daha cəmiyyətə nümayiş etdirdilər.

Xatırladaq ki, tədbirdə Hökumət üzvləri, Ombudsman, dövlət
təşkilatlarının rəhbər şəxsləri, millət vəkilləri və QHT-lər,
tanınmış incəsənət xadimləri iştirak edib.

Teqlər: