DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi Yaponiya Mədəniyyət Festivalında

Mayın 15-də Yaponiya və Azərbaycan dostluq münasibətlərinin 30
illiyinə həsr olunan Yaponiya Mədəniyyət Festivalında DOST İnklüziv
İnkişaf və Yaradıcılıq Mərkəzi “Ruandzi” adlı stendlə təmsil
olunur.

Stendin adı Yaponiya mifologiyasına əsaslanır və “15 daşdan
ibarət bağ” mənasını ifadə edir. Burada Yaponiya və Azərbaycan
mədəniyyətinə aid incəsənət nümunələri sərgilənir. Ekspozisiyada
dulusçuluq, təsviri incəsənət, dərzilik, bədii oyma və floristika
sahələrinə xas əl işləri nümayiş etdirilir, həmin sənət
nümunələrində Yaponiya mifologiyası və Azərbaycan mədəniyyətinə
məxsus rəmzlər, milli ornamentlər əksini tapır. Məlumat üçün
bildirək ki, sözügedən əl işlərini Mərkəzin benefesiarlari
hazırlayıb. Festivalın məqsədinə uyğun olaraq əl işlərinin
müəllifləri Yaponiya və Azərbaycana xas milli üslubu nəzərə
alıblar.

Qeyd etmək lazımdır ki, festivalda təhsil, mədəniyyət və digər
istiqamətlər daxil olmaqla, 20-yə yaxın qurumun stendi nümayiş
etdirilir. Tədbirin sonunda DOST İnklüziv İnkişaf və Yaradıcılıq
Mərkəzi Yaponiyanın Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri
Cuniçi Vada tərəfindən “Yaponiya Mədəniyyət Festivalı” tədbirində
iştirak edərək Yaponiya və Azərbaycan arasında dostluq əlaqələrinin
inkişafına töhfə verdiyinə görə sertifikatla mükafatlandırılıb.

Yaponiya səfirliyi ilə əməkdaşlığın davamı olaraq 24-25 iyun
tarixində “True colour festival” təşkil olunacaq. Hazırda Mərkəzdə
həmin festivala hazırlıq işləri görülür.

Teqlər: