Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki
DOST Agentliyi Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA)
“Avropa üzrə Yaxşı Təcrübə Mükafatı – 2022” müsabiqəsinə təqdim
etdiyi üç layihənin hər biri müsabiqənin qalibi olub.
Agentliyin “Vətəndaş məmnunluğu monitorinq sistemi”, “DOST
Agentliyi ləyaqət və bərabər hüquqlar naminə” və “DOST: 65 yaşdan
yuxarı şəxslərin sosial müdafiəsi” adlı layihələri müsabiqənin
Müstəqil Beynəlxalq Münsiflər Heyətinin qərarı ilə Fəxri Diplomlara
və Attestata layiq görülüb.
BSTA-nın Tallin şəhərində (Estoniya) mayın 2-də keçirilmiş
“Avropa Regional Sosial Təminat Forumu”nda hər üç mükafat təqdim
olunub.
Forumda Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov dəvətli
ekspert statusunda “DOST Agentliyi ləyaqətli həyat naminə: 65
yaşdan yuxarı şəxslər üçün sosial müdafiənin təminati” adlı
təqdimatla çıxış edib.
Təqdimatda ölkəmizdə 65 yaşdan yuxarı şəxslər üçün sosial
xidmətlərin qurulması, COVİD-19 pandemiyası dövründə qarşıya çıxan
çətinliklərin həllinə yönəlmiş innovativ yanaşmalar, görülən
tədbirlər, atılmış addımlar, BMT-nin Əhali Fondu ilə birgə icra
olunmuş “Fəal yaşlanma” layihəsi barədə məlumat verilib.
Xatırladaq ki, DOST Agentliyi bundan əvvəl daha bir nüfuzlu
mükafatı – Avropa Sosial Şəbəkəsinin Avropa Sosial Xidmətlər
Mükafatını qazanıb. 2022-ci ilin fevral ayında Beynəlxalq Pensiya
və Sosial Fondlar Assosiasiyasının Fəxri Fərmanına layiq
görülüb.
Beləliklə, bu ilin ötən dövründə Agentlik 5 beynəlxalq mükafatla
təltif olunub.
DOST Agentliyi Prezident İlham Əliyevin Fərmanı ilə 2018-ci il 9
avqust tarixində yaradılıb.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan
DOST konsepsiyası 154 dövlət sosial xidmətinin “bir pəncərə”dən,
operativ, şəffaf, vətəndaş məmnunluğuna uyğun təqdim olunmasını
təmin edir.
Hazırda 5 DOST mərkəzində göstərilən xidmətlərdən vətəndaşların
məmnunluq səviyyəsi 98 faiz üzərindədir.