Doktorantura və dissertanturaya xarici dil üzrə qəbul imtahanına qeydiyyat başlayıb

Dövlət İmtahan Mərkəzi 2022-2023-ci tədris ili üçün
doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanında
iştirak etmək üçün qeydiyyat elan edib.

DİM-dən AzerTimes-a verilən xəbərə görə, Azərbaycan Respublikası
Nazirlər Kabinetinin “Doktoranturaların yaradılması və
doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilməsi barədə 13
noyabr 2019-cu il tarixli 443 nömrəli qərarına uyğun olaraq, Dövlət
İmtahan Mərkəzi 2022-ci il mayın 18-dən 29-dək 2022-2023-ci tədris
ili üçün doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul
imtahanında iştirak etmək üçün namizədlərin qeydiyyatını elan edir.
Bu müddət ərzində doktorantura və dissertanturaya qəbul olunmaq
üçün sənədlərini Azərbaycan Respublikasının doktoranturalar
yaradılan ali təhsil müəssisələrinə, elmi müəssisə və
təşkilatlarına təqdim etməyə hazırlaşan namizədlər DİM-in internet
saytında (http://ekabinet.dim.gov.az) “Şəxsi kabinet”in
yaradılması və istifadə qaydası”na müvafiq olaraq “Şəxsi kabinet”
yaratmalı və xarici dil üzrə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməlidirlər.

İmtahanda iştirak ödənişlidir. Namizədlər ekabinet.dim.gov.az
internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra həmin
kabinetin pul hesabına imtahanda iştirak üçün tələb olunan 110 (yüz
on) manat məbləğində pul vəsaitini (xarici dil imtahanından azad
olunanlar istisna olmaqla) əlavə etməlidirlər. Qüvvədə olan müvafiq
xarici dil sertifikatına malik namizədlər xarici dil imtahanından
azad olunur və ərizənin təsdiqi zamanı heç bir ödəniş etmirlər.
Digər namizədlər ərizələrini təsdiq edərkən onların şəxsi
kabinetinin pul hesabından tələb olunan məbləğ (110 manat)
çıxılır.

Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq
edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul
Qaydaları”nın 3.10-cu bəndini nəzərə alaraq yuxarıda qeyd olunan
müvafiq magistratura ixtisaslaşmasını bitirən namizədlər də xarici
dil üzrə qəbul imtahanı zamanı ixtisaslaşma dilini (ingilis, alman
və fransız) xarici dil kimi seçə və ixtisaslaşma dili üzrə
beynəlxalq sertifikat təqdim edə bilərlər.

Xarici dil üzrə qüvvədə olan və CEFR-in B2 və ya daha yüksək
səviyyəsinə müvafiq beynəlxalq dil sertifikatına (IELTS, TOEFL,
TestDaF, DELF, DALF, STANAG) malik olanlar DİM-in internet saytında
şəxsi kabinet yaratdıqdan sonra şəxsiyyət vəsiqələrinin,
sertifikatlarının və magistr təhsili haqqında diplomlarının əslini
və surətini 2022-ci il 23-24 may tarixlərində saat 10-dan 17‑dək
(saat 13-dən 14-dək nahar fasiləsidir) DİM-in Bakı şəhəri, Həsən
Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasında yaradılan
Sənəd qəbulu komissiyasına təqdim etməlidirlər. Beynəlxalq dil
sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi
AMEA və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, DİM tərəfindən
müəyyənləşdirilir. Təqdim edilmiş sertifikatların həqiqiliyi və
qüvvədə olması yoxlanıldıqdan sonra onların sahibləri xarici dil
üzrə qəbul imtahanından azad olunurlar.

Xarici dil üzrə imtahanda keçid balını (minimal 25 bal) toplayan
və ya DİM-ə qüvvədə olan sertifikat təqdim edən şəxslər fəlsəfədən
imtahana buraxılırlar. Xarici dildən imtahanda iştirak etməyənlər
və ya keçid balını toplamayanlar fəlsəfə üzrə imtahana
buraxılmırlar.

Xarici dildən doktoranturaya qəbul imtahanı dinləyib-anlama,
oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar), yazı
və danışıq bloklarından ibarət olmaqla keçirilir. Qəbul proqramı
ilə buradan (Azərbaycan dilində, rus dilində) tanış ola bilərsiniz. Proqram üzrə
yoxlanılıb qiymətləndirilməsi nəzərdə tutulan dil və nitq
bacarıqları və imtahanın strukturu haqqında aşağıdakı linkə keçid
alaraq https://dim.gov.az/upload/iblock/0b9/0b91adc57997386b70babf3b4e04177f
məlumat ala bilərsiniz.

Doktoranturaya və dissertanturaya xarici dillər üzrə qəbul
imtahanının iyunun 12-də keçirilməsi nəzərdə tutulur. Danışıq bloku
üzrə imtahanın isə iyunun 16-dan etibarən bir neçə gün ərzində
keçirilməsi planlaşdırılır.

Teqlər: