“Doğma torpaqlara ayaq basmaq çox qürurverici idi” – MDU nümayəndə heyətinin Ağdama səfər təəssüratı (FOTO)

2022-ci ilin 14 aprel tarixində Mingəçevir Dövlət
Universitetinin (MDU) 40 nəfərdən artıq heyət üzvü Ağdamda səfərdə
olub. Ağdamı ziyarət edən heyətdə universitetin əməkdaşları, tələbə
və magistrantlar, şəhid məzunların ailə üzvləri və MDU İctimai
Nəzarət Şurasının üzvləri təmsil olunublar. Səfər Rəqəmsal İnkişaf
və Nəqliyyat Nazirliyinin dəstəyi ilə həyata keçirilib və Qarabağ
iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə
Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi
tərəfindən təyin edilən bələdçilər tərəfindən müşayiət olunub.

Səfər çərçivəsində universitet heyəti Ağdam Şəhidlər xiyabanını
ziyarət edib, Ağdamda Ermənistan tərəfindən işğal dövründə
dağıdılmış yaşayış binaları, dini, mədəni və tarixi abidələr, o
cümlədən İmarət kompleksi, Ağdam Cümə məscidi, Qiyaslı kənd məscidi
və Şahbulaq qalası ilə tanış olublar. Şahbulaq qalasında
universitetin tələbə gənclərinin və əməkdaşlarının təqdimatında
Qarabağa həsr olunan musiqi və şeir parçaları səsləndirilib. MDU
kollektivi üzvləri doğma yurdların işğaldan azad olunmasından və
sürətlə dirçəldilməsindən qürur duyduqlarını bildirib, bu sonsuz
sevinc və fəxarət hisslərini xalqımıza bəxş edən Müzəffər Ali Baş
Komandanımıza və Qəhrəman Azərbaycan Əsgərinə minnətdarlıqlarını
ifadə ediblər.

Ədalət Quliyeva (MDU-nun İctimai Nəzarət Şurasının üzvü):

MDU-nun təşkilatçılığı ilə Ağdama səfər edən heyətin tərkibində
olacağımı biləndə sevincimin həddi-hüdudu yox idi.

Çox qürurverici bir səfər idi. 30 il idi ki, hər hansı bir
tədbir keçirəndə deyirdik: “İnşaallah, gələn il bu tədbiri doğma
Qarabağda – Şuşada, Laçında, Qubadlıda, Zəngilanda, Füzulidə,
Kəlbəcərdə, Ağdamda, Xocalıda, Xocavənddə, Xankəndində qeyd
edəcəyik!”

İndi, budur, bu bizim doğma Qarabağda ilk tədbirimizdir.
Qürurla, fəxrlə, eyni zamanda kövrək hisslərlə keçirdiyimiz tədbir.
Biz Ağdamda İmarət deyilən məkanda, Cümə məscidində olduq. Ağdam
Şəhidlər xiyabanını ziyarət etdik. Yıxılmış, dağılmış evləri
gördük. Viran qoymuşdular Ağdamı, bütün Qarabağ kimi. Bu da
düşmənin alçaqlığından, rəzilliyindən başqa bir şey deyil. Amma
Ağdam yenidən qurulur və elə orada gedən abadlıq işlərini gördükcə
bir daha inandıq ki, doğma yurdumuz tezliklə öz sakinlərinə
qovuşacaq.

Zəfərə qovuşduran xoş hisslər, sevinc göz yaşları ilə biz daha
davamlı inkişafda olan Azərbaycanımızla, Möhtərəm Prezident,
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevlə, Rəşadətli Ordumuzla
fəxarət hissi keçirdik.

Mayıl İsmayılov (MDU-nun dosenti, Əməkdar müəllim):

“İşğaldan azad edilmiş Qarabağ torpaqlarında olmaq nə qədər
qürurverici olsa da, Ağdamın ərazisinə qədəm qoyan kimi… Rəzil
düşmən Qarabağ xanlarının uyuduğu kompleksi də yerlə-yeksan etmiş,
İbrahim xanın türbəsini dağıtmış, xan qızı Natavanın qəbrini
talamış, sümüklərini çıxarmış və aparmışlar. Ağdama daxil olanda,
bir vaxtlar bu gözəl şəhərin göz oxşayan mənzərələri əvəzinə,
viranəliyi xatırladan, suyu sovulmuş yurd yerləri, evlər-binalar,
tari-mar edilmiş tarixi-mədəni abidələr bir-birini əvəz edir.

Qarabağlı həmkarlarımızın, şəhid ailəsi üzvlərinin müqəddəs
məscid həyətində diz üstə çöküb yeri öpmələrini, istiladan sonra
dünyasını dəyişmiş qohum-əqrəbalarının qəbrlərinə səpmək üçün
torpaq yığdıqlarını doluxsunmadan seyr etmək çətin idi.

Geri dönərkən bizi sevindirən məqam Ağdamda müasir arxitektura
normalarına uyğun inşa edilən yeni yaşayış evləri, mərkəzdə
ucaldılan inzibati binalar oldu. Ağdam Sənaye Parkının uzaqda
ağaran tikililəri, “göylərə baş çəkən” kran qüllələri bizi bir daha
əmin etdi ki, Prezidentimizin dediyi kimi, yaxın gələcəkdə Ağdam və
digər viran qoyulmuş kənd və şəhərlərimiz yenidən tikiləcək,
yurd-yuvalarından didərgin düşmüş insanlar öz ata-baba ocaqlarına
qayıdacaqlar”.

Mahir İsmayılov (MDU Mexanika kafedrasının müdiri, İkinci
Qarabağ müharibəsi iştirakçısı):

“Cənnət Qarabağın gözəl guşəsi Ağdama səfər təəssüratlarım
qarışıqdır. İşğaldan azad olunmuş istənilən ərazi adamı
istər-istəməz keçmişi xatırlamağa məcbur edir və düşmənin nə qədər
vandal olduğunu göstərir. Dağılmış yurd yerlərimizi seyr etmək çox
təsirlidir. Təsəllini onda tapdım ki, yaxşı ki, 44 günlük
müharibədə iştirak etmək, Vətənə olan borcumu yerinə yetirmək mənə
də qismət oldu. Xalqımızın orduya dəstəyini ordu sıralarında gördüm
və döyüş ruhunun necə yüksək oldüğünu hiss edərək çətinliklərə
qatlaşdım. Ağdamı düşmən “Dəmir yumruq”dan aldığı zərbə altında
təhvil verdi. Azad Ağdamın mərkəzində avtobusla hərəkət edərkən
ətrafda olan dağıntılar nə qədər ürəkağrıdıcı olsa da,
quruculuq-bərpa işləri mənə gələcəkdə gözəl bir Ağdama səfər
edəcəyimə və həyat dolu bir şəhərin qurulacağına olan ümidlərimi
artırdı.

Müharibədə universitetimizin 120-dən çox məzunu və 4 əməkdaşı
iştirak etmişdir. Məzunlarımızın 5 nəfəri şəhid olmuşdur. Şəhid
qardaşlarımın ruhu şad olsun. Ali Baş Komandan cənab İlham Əliyevin
göstərdiyi qətiyyət bizi qələbəyə apardı”.

Aygün Quliyeva (Şəhid Yasən Əhmədovun həyat yoldaşı):

“İlk öncə, səfərə dəvət ücün MDU rəhbərliyinə və kollektivinə öz
minnətdarlığımı bildirirəm. Doğrudan da, çox xoş və yaddaqalan bir
səfər oldu. Çox fərqli – kədər, təəssüf qarışıq bir sevinc hissi
yaşadım. Çox istərdim o torpaqlara Yasənlə birlikdə qayıtmağı. Onun
ən böyük arzusu idi. Şəhid olduğü günə qədər sizi kəndimizə
aparacam dedi. Bir gün belə ümidini üzmədi. Müharibə başlayandan
sonra, tez-tez telefon əlaqəsi saxlayırdı. Səsində də sevinc hiss
olunurdu. Deyirdi ki, hazırlaşın, bir-iki günə Ağdama gedəcəyik.
Çox təəssüf özünə qismət olmadı. Şükürlər olsun ki, bu gün o
torpaqlar işğaldan azad oldu. Özünə qismət olmasa da övladı ilə
qayıtdıq öz yurdumuza. Əminəm ki, ruhu o torpaqlardadı, şaddır.
Məkanı cənnət olsun, Yasənin və bütün şəhidlərimizin.

Axırıncı dəfə Ağdam şəhərində 1992-ci ildə olmuşdum. Həmişə
Ağdamın işğal olunmamış kəndlərinə gedəndə uzaqdan Şahbulaq
qalasına baxıb “görəsən nə vaxtsa ora gedə biləcəyikmi”, – deyə
düşünürdüm. Səfər zamanı Dördyol deyilən yerə çatanda yenə uzaqdan
Şahbulaq görünürdü. Oğluma dedim ki, təxminən bir saat sonra bax
orda olacağıq. Böyük bir həyəcanla çatdıq şəhərə. Gözlərim on iki
yaşında gördüyüm çay evini, çörək muzeyini, sarı rəngli karuseli,
passaj ticarət mərkəzini, Fərhadın heykəlini axtarırdı. Çox
dəhşətli idi. O vaxt gördüyüm şəhərin yerində böyük bir xarabalıq
vardı.

Şahbulaqda gördüyüm mənzərə, oranın havası məni yenidən qaytardı
cənnətməkan Ağdama.

Səfər yoldaşlarımın da yurd həsrəti hər hallarından bəlli idi.
Diz çöküb vətən torpağını öpən, yarpızın iyini göz yaşları ilə
içinə çəkən, gördüyü hər şeydən kiçik bir parçanı özü ilə götürən,
ordakı hər dəqiqəni fotoaparatın yaddaşına köçürən… Düşmənin
xarabalığa çevirdiyi şəhər yenidən qurulacaq. Əvvəlkindən də gözəl
olacaq. İşğaldan azad olan torpaqlarımız inkişaf etdikcə,
qurulduqca düşmənin bağrı yanacaq”.

Yunus Əhmədli (MDU-nun tələbəsi, şəhid Yasən Əhmədovun
övladı)

“30 il düşmən tapdağı altında olan torpaqlara ayaq basmaq mənim
üçün çox qürurverici idi. Bir ağdamlı olaraq çox qəribə hisslər
keçirdim. Mənə doğma olan, lakin heç vaxt görə bilmədiyim
torpaqları gördüm. Burada törədilən vəhşilikləri gördükdən sonra
erməni millətçilərinin necə vəhşi, qəddar və vandal olduqlarını bir
daha anladım.

Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi və müzəffər
Ordumuzun sücaəti sayəsində 44 gün sürən Vətən müharibəsində
qazanılmış tarixi Zəfərlə üzərimizdən 30 illik yük götürüldü. Çox
təəssüf ki, biz bu muharibədə şəhidlər verdik. Bu şəhidlərdən biri
də atam Yasən Əhmədov oldu. Atamın məzarı Mingəçevir Şəhidlər
Xiyabanındadır. Mən, atamın uğrunda canından kecdiyi doğma Ağdam
torpağından bir ovuc gətirərək onun məzarına səpdim. Allah bütün
şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin”.

Qaragöz Kərimov (MDU-nun müəllimi, İkinci Qarabağ müharibəsi
iştirakçısı):

“Biz azərbaycanlı olaraq çox qürurlu və fərəhli anlar yaşayırıq.
Çünki 28 ildən çox idi ki, həsrətində olduğumuz arzularımızı
Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında
qəhrəman Azərbaycan Ordusu Vətən torpaqlarını düşməndən azad edərək
reallaşdırdı. Minlərlə məcburi köçkünə doğma torpaqlarına qayıdış
xoşbəxtliyi, bütün xalqımıza zəfər sevinci və qürur bəxş etdi. İndi
biz o doğma yurdlara sərbəst şəkildə səfərlər edirik.

Avtobusla səyahət edərkən dağıdılmış kəndləri, evləri görəndə
Vətən müharibəsi iştirakçısı, Azərbaycan əsgəri kimi yenidən
düşmənə qarşı müharibəyə qalxdığımız o dövrə qayıtmalı oldum.
Yolboyu səfər edən hər kəsi düşmənin törətdiyi vəhşiliklər,
talanlar dəhşətə gətirirdi.

Şahbulaq qalasında yoldaşlarımız ürəklərini boşaltdı,
sevinclərini, nisgillərini dilə gətirdilər. Tələbə və
müəllimlərimizin, qonaqların ifasında muğam oxundu, şeirlər
söyləndi. Şəhid anaları ürək sözlərini dedilər.

Ağdamda Azərbaycan dövlətinin qısa müddətdə həyata keçirdiyi
genişmiqyaslı tikinti, abadlıq, quruculuq işləri heyrət doğurur,
qürur hissi yaradır.

Görülən tikinti-abadlıq işləri artıq bu yerlərin sahiblərinin
gəldiyini göstərir. İndi bu yerlərdə həyat yenidən dirçəldilir,
Ağdamın, bütövlükdə Qarabağın dirçəlişi yenidən başlayır. Çünki,
Qarabağ Azərbaycandır!”

Mingəçevir Dövlət Universiteti

Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzi

Teqlər: