Prezident İlham Əliyevin 29 dekabr 2021-ci il tarixli
Sərəncamının icrası işləri çərçivəsində Daxili İşlər Nazirliyi, o
cümlədən Nazirliyin Daxili Qoşunları tərəfindən də 2020-ci il
sentyabrın 27-dən noyabrın 10-dək olan dövr ərzində ölkəmizin ərazi
bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş hərbi
qulluqçularına “Müharibə veteranı” adı verilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Nazirlər
Kabineti ilə razılaşdırılmış siyahı əsasında “Müharibə veteranı”
adı verilmiş həmin şəxslərə dair məlumatlar Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin “Zəfər” altsisteminə daxil edilib.
Bundan sonra isə Nazirlik tərəfindən onlara Azərbaycan
Respublikası Prezidentinin aylıq təqaüdü (80 manat) təyin
edilib.
Təqaüd təyinatı həmin şəxslərə müraciətləri olmadan, heç bir
sənəd təqdim edilmədən, e-sistem üzərindən proaktiv qaydada həyata
keçirilib. Təyinat 2022-ci ilin 1 yanvarından rəsmiləşdirilib və
həmin vaxtdan hesablanaraq ödənilir.
Bununla da artıq 5 qurum (Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət
Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidməti və Daxili İşlər Nazirliyi) üzrə hərbi
qulluqçulara “Müharibə veteranı” adı verilərək Prezident təqaüdü
təyin olunub.
Hazırda digər qurumlar (Müdafiə Nazirliyi, Fövqəladə Hallar
Nazirliyi və s.) üzrə də qeyd olunan adın verilməsi və təqaüd
təyinatı üçün müvafiq işlər aparılır. Proses yaxın günlərdə
yekunlaşacaq.
Müharibə veteranı kimi Prezidentin aylıq təqaüdü təyin edildiyi
anda şəxsin adında olan telefon nömrəsinə bu barədə, habelə təqaüd
kartını hansı bankdan əldə edəcəyinə dair SMS göndərilir.