Xəbər - Samir Əli – Trend:
İnsanların sağlamlığına zərər yetirən, əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələrin, pirotexniki məmulatların satışının və istifadəsinin qarşısının alınması istiqamətində qabaqlayıcı-profilaktik tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətinin Kütləvi İnformasiya Vasitləri və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev AzerTimes-a bildirib ki, “Mülki Dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2005-ci il tarixli Fərmanına əsasən pirotexniki məmulatlar mülki dövriyyəsi məhdudlaşdırımış əşyaların siyahısına daxil edilib və onun dövriyyəsinə FHN tərəfindən verilən “xüsusi icazə” əsasında yol verilir.
Pirotexniki məmulatların satışı aşkar olunarkən həmin vasitələr satışdan çıxarılır, satışı ilə məşğul şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə inzibati xəta tərkibi haqqında protokol tərtib olunaraq baxılması üçün səlahiyyətli orqana – məhkəmələrə göndərilir.
Qeyd olunan maddənin sanksiyasında inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə fiziki şəxslər üçün 350 manatdan 500 manata qədər, vəzifəli şəxslər üçün 1600 manatdan 2500 manata qədər, hüquqi şəxslər 4000 manatdan 5000 manatadək məbləğdə inzibati cərimə nəzərdə tutulur.
Təhlükəsizlik standartlarına cavab verməyən bu vasitələr insan sağlamlığına mənfi təsir göstərməklə yanaşı, tez alışan maddə olduqlarına görə ətrafa da ciddi ziyan vura bilərlər.