Abşeron Yarımadasının Dayazsulu Hissəsində ikinci kəşfiyyat quyusunun qazılmasına başlanıb

Abşeron Yarımadasının Dayazsulu Hissəsində ikinci kəşfiyyat quyusunun qazılmasına başlanıb.

Abşeron Yarımadasının Dayazsulu Hissəsi (SWAP) layihəsinin operatoru olan bp şirkətindən AzerTimes-a verilən məlumata görə, “Satti” özüqalxan qazma qurğusu ikinci geoloji-kəşfiyyat quyusunu qazmaq üçün Bibiheybət perspektiv sahəsinə keçirilib. Qazma qurğusunun bundan əvvəl qazma əməliyyatları həyata keçirdiyi Şimal Xali sahəsindəki ilk kəşfiyyat quyusu ilkin layihə və plana uyğun olaraq bağlanıb.

İkinci quyunun qazma əməliyyatları 11 dekabr tarixində başlanıb və təqribən dörd aya bitməsi planlaşdırılır. Bundan sonra əgər qiymətləndirmə işləri aparmaq lazım gələrsə, kollektor haqqında əlavə məlumat toplamaq üçün qazma əməliyyatlarının daha bir ay davam edəcəyi də gözlənilir.


İkinci kəşfiyyat quyusunun qazma işləri Abşeron Yarımadasının Dayazsulu Hissəsi üzrə müqavilə sahəsinin qərb perspektiv hissəsində sahildən təqribən 1,5 km aralı suyun dərinliyi təqribən 7 metrə çatan ərazidə həyata keçirilir. Quyunun ümumi dərinliyinin 4400 metrə çatacağı planlaşdırılır.

bp Abşeron Yarımadasının Dayazsulu Hissəsi layihəsinin operatordur və hasilatın pay bölgüsü haqqında sazişdə (HPBS) 25% iştirak payına malikdir. Digər tərəfdaşlar bunlardır: SOCAR – 50% və LUKOİL – 25%.

Teqlər: