DİN mina təhlükəsi ilə bağlı vətəndaşlara müraciət etdi

Xəbər - Samir Əli – Trend:

Daxili İşlər Nazirliyi (DİN) ərazilərdə mina təhlükəsi ilə bağlı vətəndaşlara müraciət edib.

Nazirliyin Mətbuat xidmətinin şöbə müdiri, polis mayoru Elşad Hacıyev AzerTimes-a açıqlamasında bildirib ki, hər hansısa bir ərazidə təhlükəli və şübhəli əşya görən vətəndaşlar dərhal bu barədə polisə məlumat versinlər.


“Müharibə qalıqları təhlükə mənbəyi olaraq qalmaqdadır. Bu risklərdən necə qorunaq, çıxış yolu varmı? Əlbəttə var. Onun adı məsuliyyətdir. Təhlükəsizlik qaydalarına əməl edilməlidir.
Bələd olmadığımız yerlərdə, xüsusilə işğaldan azad edilən bölgələrdə və ona yaxın ərazilərdə hər birimiz diqqətli və məsuliyyətli olmalıyıq. Bu gün Goranboy rayonunda bir nəfər heç vaxt işğal altında olmayan ərazidə sel sularının örüş sahəsinə gətirdiyi minanın partlaması nəticəsində sağlamlığını itirib. Diqqətli olsaydı, şübhə doğuran həmin əşya ilə bağlı müvafiq qurumları məlumatlandırsaydı, bu hadisə baş verməyəcəkdi. Hər birimiz şübhə doğuran əşya gördükdə dərhal məlumat verməklə, özümüzlə yanaşı, digər şəxslərin həyat və sağlamlığını xilas edə bilərik” – deyə, DİN rəsmisi qeyd edib.

Teqlər: