Ağdamda görülən bütün işlər vətəndaşların tezliklə qayıtmasına xidmət edir – Emin Hüseynov

Ağdam. Çingiz Səfərli – AzerTimes:

Ağdamda baş plana uyğun olaraq quruculuq işləri sürətlə aparılır. Burada görülən bütün işlər vətəndaşların tezliklə qayıtmasına xidmət edir.

AzerTimes-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin Ağdam üzrə xüsusi nümayəndəsi Emin Hüseynov Ağdamda ağackmə aksiyası zamanı jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bu gün ölkəmiz üçün tarixi bir gün və böyük bayramdır.

“44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandanın rəhbərliyi altında igid oğullarımız elə bir tarixi qələbəyə imza atdılar, düşmənə elə bir zərbə endirdilər ki, düşmən bu gücün qarşısında tab gətirməyib, kapitulyasiya aktına imza atdı. Beləliklə, 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının şərtlərinə uyğun olaraq Ermənistan Ağdamı 20 noyabr tarixində bir güllə belə atmadan Azərbaycan tərəfinə təslim etməyə vadar oldu. Bilirsiniz ki, bu il mayın 28-də cənab Prezident buraya səfər etmiş və Ağdam camaatı ilə görüşmüşdü. Səfər çərçivəsində Ağdamın baş planı təsdiq edilib. Quruculuq işləri sürətlə davam etdirilir” – deyə, Emin Hüseynov qeyd edib.

Prezidentin xüsusi nümayəndəsi bildirib ki, görülən bütün işlər vətəndaşlarımızın tezliklə evlərinə qayıtmasını təmin etmək üçündür.

“Bu gün Bərdə-Ağdam yolunun inşası sürətlə davam etdirilir. Eyni zamanda, “Ağdam 1” və “Ağdam 2″ yarımstansiyalarının inşası artıq başa çatıb. Hər iki yarımstansiyaya elektrik xətti çəkilib. Bir neçə yaşayış binasının layihəsi hazırlanıb və bəzilərində işlərə başlanılıb. Cənab Prezidentin təməlini qoyduğu 1 nömrəli məktəbdə işlər aparılır. Bura köçəcək vətəndaşlarımızın iş yerləri ilə təmin olunmaları üçün Ağdam Sənaye Parkının inşasına start verilib. Görülən bütün işlər böyük qayıdışın tezliklə reallaşmasına xidmət göstərir. O gün gələnə qədər biz Ağdama həyatı qaytarmaq istəyirik” – deyə, o bildirib.

Emin Hüseynov bu gün Ağdamda keçirilən ağacəkmə aksiyasının əhəmiyyətindən də söz açıb və gələcəkdə belə yaşıllıqların daha da artırılacağını vurğulayıb.

“Bu, həm Ağdamın işğaldan azad olunmasının bir illiyi münasibətilə, həm də cənab Prezidentin təşəbbüsü ilə başladılan “44 gün ağac əkək” aksiyasının davamı olaraq icra edilir. Bu gün həm də ona görə əlamətdardır ki, bu ağacların əkilməsində əməkdaşlarımız, könüllülərlə yanaşı, Ağdamdan olan şəhid ailələrinin üzvləri də iştirak edirlər. Bu gün onların əkdiyi hər bir ağacın yanında şəhid adlarının həkk olunduğu xatirə lövhələri basdırılır. Bu, onların xatirəsinin əbədi olaraq yaşayacağı deməkdir. İnşallah gələcəkdə belə yaşıllıqlar çox olacaq. Bu aksiyanın keçirilməsində Ağdam Rayon İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi bizə dəstək oldu. Əməyi keçən hər kəsə təşəkkür edirik” – deyə, xüsusi nümayəndə əlavə edib.

Qeyd edək ki, bu gün Ağdamda ağacəkmə aksiyası keçirilib. 2,5 hektar torpaq sahəsində 2000 ədəd ağac əkilib. Beləliklə, şəhərin 4 meşə zolağının ən böyüyündə baş planda nəzərdə tutulan bütün ağacların əkini başa çatdırılıb.

Teqlər: