DİN Bəxtiyar Hacıyevin iddialarına cavab verdi (VİDEO)

Xəbər - Samir Əli -Trend:

Daxili İşlər Nazirliyi (DİN) Bəxtiyar Hacıyevin polisə
çağırılmasının səbəbini açıqlayıb.

DİN Mətbuat Xidmətinin əməkdaşı Zeyni Hüseynov AzerTimes-a bildirib
ki, keçən ilin iyul ayında Bakı şəhər sakinləri Bəxtiyar Hacıyev və
tanışı Ülviyyə Muradova qarışıqlı ərizə ilə Yasamal Rayon Polis
idarəsinə şikayət etmişdilər. Onların müraciətləri araşdırıldı və
müəyyən edildi ki, B.Hacıyev pişiyinin Ü.Muradovanın pişiyi ilə
cütləşməsindən doğulacaq balalardan birini Ü.Muradovaya verməyi vəd
etsə də, sonradan o vədinə əməl etmədiyindən tərəflər arasında
narazılıq yaranmışdır. Bundan sonra Ü.Muradova sosial şəbəkədə bu
məsələ ilə əlaqədar paylaşımlar etdiyindən B.Hacıyev onun evinə
gedərək mübahisə yaratmışdır.

Tərəflərin şikayətləri araşdırılmış və əməldə cinayət tərkibinin
olmadığı müəyyən edildiyindən cinayət işinin başlanması rədd
edilmişdir. Eyni zamanda onlara şərəf və ləyaqətin alçaldılması,
işgüzar nüfuzu ləkələyən yalan məlumatların təkzib olunması,
vurulmuş zərərin ödənilməsi və əmlak tələbi ilə bağlı mülki qaydada
məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur.

Bundan sonra Bəxtiyar Hacıyev xüsusi ittiham qaydasında Ülviyyə
Muradova barəsində Yasamal Rayon Məhkəməsinə şikayət ərizəsi ilə
müraciət etdi. Müraciətlə əlaqədar ötən il oktyabr ayının 15-də
keçirilən məhkəmə iclasında fasilə zamanı B.Hacıyev Ü.Muradovanın
ünvanına qeyri-etik ifadələr səsləndirərək qəsdən münaqişə
yaratmış, ictimai qaydanı və məhkəmənin normal iş rejimini kobud
surətdə pozmuş, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək
Ü.Muradovaya qarşı zor tətbiq edib sağlamlığına yüngül zərər
vurmaqla qərəzli xuliqanlıq etmişdir.

Fakta görə Yasamal RPİ-də CM-nin xuliqanlıq maddəsi ilə cinayət
işi başlanılmış və hazırda istintaq davam etdirilir, tamamlandıqdan
sonra cinayət işi baxılması üçün məhkəməyə göndəriləcək.

Bütün bunlara baxmayaraq Ülviyyə Muradova və Bəxtiyar Hacıyev bu
proseslərdən narazı qalaraq bir-birilərinin həbs edilməsini tələb
edirlər. Hər dəfə də onlara izah edilir ki, istintaq başa çatdıqdan
sonra məsələyə məhkəmədə hüquqi qiymət veriləcək.

Teqlər: