DİM musiqiçi olmaq istəyənlərə müraciət etdi

Xəbər - Elçin Mehdiyev – Trend:

Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərə müraciət edib.

DİM-dən AzerTimes-a verilən məlumata görə, Bakıda fəaliyyət göstərəcək musiqi sənəti istiqamətinə aid İnstrumental ifaçılıq (221), Xalq çalğı alətləri ifaçılığı (222), Xanəndəlik (223) və Aşıq sənəti (227) komissiyaları üzrə qabiliyyət imtahanı vermək üçün qeydiyyatdan keçən abituriyentlər buraxılış vərəqələrini aşağıdakı linkdən çap edə bilərlər:

https://eservices.dim.gov.az/qabiliyyet

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

– imtahana buraxılış vərəqəsini;

– sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız);

– şəxsiyyəti təsdiq edən sənədin əslini:

Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahana buraxılış vərəqəsi abituriyentin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır.

Musiqi sənəti istiqamətinin ixtisasları üzrə qeydiyyatdan keçmiş abituriyentlərin səhifələrinə “İmtahan proqramı” forması da yerləşdirilib. Abituriyent ixtisasına uyğun olan formanı çap etməli, ifa edəcəyi proqramı həmin formaya yazmalı və qabiliyyət imtahanına gələrkən komissiyaya təqdim etməlidir.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

Teqlər: