Xəbər - İlhamə İsabalayeva – Trend:
Dövlət İmtahan Mərkəzzi xarici dillərdən qəbul imtahanı verəcək namizədlərə, fəlsəfə doktoru imtahanı verəcək iddiaçılara və Azərbaycan dilindən fəlsəfə doktoru imtahanı verəcək əcnəbilərə müraciət edib.
Mərkəzdən AzerTimes-a verilən məlumata görə, fevralın 14-də doktoranturaya xarici dil üzrə qəbul və fəlsəfə doktoru, fevralın 15-də isə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanları keçirəcək.
Həm doktoranturaya xarici dil üzrə qəbul, həm də xarici dil və Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanlarında toplanıla biləcək maksimal bal 50-yə bərabərdir və dinləmə, oxu, dildən istifadə və yazı bloklarının hər biri üzrə balların minimum 20 faizini, ümumilikdə imtahandan isə minimal keçid balını toplamaq tələb olunur. Müvafiq qurumlarla razılaşdırılmaqla doktoranturaya xarici dillər üzrə qəbul imtahanı üçün minimal keçid balı 25, xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün minimal keçid balı 35, əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı üçün isə 25 bal müəyyənləşdirilmişdir. Doktoranturaya qəbul imtahanında yazılan esselər və fəlsəfə doktoru imtahanında yazılan vizual məlumatın təsviri maksimum 10 balla qiymətləndirilir. 2 və daha artıq balla qiymətləndirilən esselər və yazılı təsvirlər məqbul hesab olunur:
DİM-dən qeyd edilib ki, doktoranturaya qəbul olmaq istəyən namizədlər üçün yazı bloku bir tapşırıqdan ibarətdir: verilmiş sərbəst mövzu əsasında giriş, əsas hissə və nəticədən ibarət olan essenin yazılması (həcmi 200-250 söz). Xarici dildən fəlsəfə doktoru imtahanı verəcək iddiaçılar və Azərbaycan dilindən fəlsəfə doktoru imtahanı verəcək əcnəbilər isə yazı blokunda giriş, əsas hissə və nəticədən ibarət olmaqla həcmi 200-250 söz vizual məlumatı təsvir edəcəklər (həcmi 200-250 söz).
Hər bir yazı işi azı iki marker tərəfindən qiymətləndirmə meyarlarına əsasən yoxlanılır və onların verdiyi qiymətlər əsasında yekun qiymət çıxarılır. Yazılı işlər yoxlanılarkən onun mövzuya (vizual məlumata) uyğunluğu, həcmi, tərkib hissələrinin (giriş, əsas hissə və nəticə (yekun)) mövcudluğu və onlar arasında məntiqi rabitə, mövzunun və ya vizual məlumatın düzgün şərhi və əhatə səviyyəsi, fikirlərin məntiqli və düzgün ifadə olunması, essedə əks fikirlərin inandırıcı şəkildə təkzibi, fikirlərin sitatlarla, nümunə, təcrübə, fakt və başqa sübutedici mənbələrdən istifadə etməklə əsaslandırılması, vizual məlumatın təsvirində isə təqdim edilən statistik göstəricilərin, rəqəmlərin düzgün təsviri və müqayisəsi, hər iki yazı növündə söz ehtiyatının zənginliyi, səlisliyi, ifadəlilik, ədəbilik, üslubun neytrallığı və orijinallığı, habelə yazı savadı (yol verilmiş səhvlərin (orfoqrafik, leksik, qrammatik, durğu işarəsi, faktoloji) ümumi sayı) nəzərə alınır.
Yerinə yetirilməmiş, yazı müəllifini tanıtmaq məqsədilə hər hansı işarə vurulmuş, namizədin və ya iddiaçının özü və ya yaxınları, müəllimləri və s. barəsində məlumat yazılmış və ya təqdim olunan mövzulardan biri və ya vizual məlumat əvəzinə, hər hansı digər mövzuda və ya seçilmiş dil əvəzinə digər dildə yazılmış, həmçinin tələb olunan minimal həcmdən (minimum 180 sözdən) az həcmdə yazılmış, eləcə də oxunulması və anlaşılması mümkün olmayan yazı işləri “0” (sıfır) balla qiymətləndirilir.
Onu da nəzərə almaq lazımdır ki, yazının həcmi 200-250 sözdən ibarət olmalıdır. Həcm tələb olunan minimum 200 sözdən 10 faiz az (ən azı 180 söz) və ya maksimum 250 sözdən 10 faiz çox (ən çoxu 275 söz) ola bilər. Minimal həcmdən (180 sözdən) az olan yazılar “0” (sıfır) balla qiymətləndirilir, yazının maksimal həcmdən (275 sözdən) artıq olan hissəsi isə qiymətləndirmə zamanı nəzərə alınmır. Yazı işi səliqəli və aydın yazılmalıdır ki, onu oxuyub-qiymətləndirmək mümkün olsun.