DİM 16 şəhər və rayonda buraxılış imtahanı keçirib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən martın 6-da tam (11
illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.

DİM-dən AzerTimes-a verilən məlumata görə, imtahanlar 16 şəhər və
rayonda keçirilib.

İmtahanların təşkil edilməsi üçün ümumilikdə 111 imtahan binası,
1863 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 111 ümumi
imtahan rəhbəri, 304 imtahan rəhbəri, 2328 nəzarətçi–müəllim, 228
buraxılışı təşkil edən əməkdaş (mühafizə), 111 bina nümayəndəsi
ayrılıb.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə
imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma
vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında
sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına
buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə
təşkil edilməsinə nail olunub.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən
elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri
dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

İlkin məlumatlara əsasən, 2 imtahan iştirakçısında mobil telefon
aşkarlandığı üçün imtahandan xaric edilib.

İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında
olmayan – şəxsiyyət vəsiqəsini evdə unudan, etibarlılıq müddəti
başa çatan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana
gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən
şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub.

Növbəti imtahanlarda iştirak edəcək şagirdlərə bir daha
xatırladırıq ki, sənədləri ilə diqqətli olsunlar. İmtahana gələrkən
buraxılış vərəqəsini, imtahan iştirakçısının sağlamlığı haqqında
bəyannaməni, şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət
vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil
müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış
arayışı gətirməyi unutmasınlar.

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli
tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin
aprelin 1‑dək elan olunması nəzərdə tutulur.

Teqlər: