DİM 10 şəhər və rayonda ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib

Aprelin 24-də Dövlət İmtahan Mərkəzi (DİM) 10 şəhər və rayonda
ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

AzerTimes-ın DİM-ə
istinadən verdiyi məlumata görə, imtahan keçirilən şəhər və
rayonlarda ümumilikdə 97 imtahan binası, 1660 imtahan zalı ayrılıb.
İmtahanların idarə olunmasına 97 ümumi imtahan rəhbəri, 266 imtahan
rəhbəri, 2077 nəzarətçi-müəllim, 183 buraxılışı rejimi əməkdaşı
(mühafizə) və 97 bina nümayəndəsi cəlb edilib.

İmtahanda 21 min 790 şagirdin iştirakı gözlənilirdi. İmtahanda
fiziki məhdudiyyətli (I qrup gözdən əlil, hərəkət məhdudiyyətli və
digər) şagirdlər də iştirak ediblər. Onların rahat şəkildə imtahan
verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən
əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması
və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət
məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və rahat
şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən
elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri
dezinfeksiyaedici vasitələrdən istifadə olunub. Mərkəz tərəfindən
pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi
maska ilə imtahan binasına daxil olmasına icazə verilib. İmtahan
heyəti müvafiq qoruyucu vasitələrlə (əlcək, üz sipəri, tibbi maska
və s.) təmin olunub.

İlkin məlumata görə, 1 nəfərdə mobil telefon aşkarlandığı üçün
imtahandan xaric edilib.

İmtahanda iştirak etmək üçün sənədləri qaydasında olmayan –
şəxsiyyət vəsiqəsini evdə unudan, şəxsiyyəti təsdiq edən sənədin
surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün
məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də
olub.

DİM növbəti həftə imtahanlarda iştirak edəcək şagirdlərə bir
daha xatırladır ki, sənədləri ilə diqqətli olsunlar. İmtahana
gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin
əslini (şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər
sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və
fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü
şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) gətirməyi
unutmasınlar.

Bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab
vərəqlərinin emalına başlanılacaq.

İmtahan nəticələrinin yazılı cavab tələb edən tapşırıqların
yoxlanılması vaxt tələb etdiyi üçün 3 həftə ərzində elan olunması
nəzərdə tutulur.

Teqlər: