Dillər Universitetində Çin “nyanxua” rəsmlərinin video sərgisi

Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda
“Nyanxua Çin bədii mədəniyyətinin fenomeni kimi” adlı tələbə
seminarı keçirilib. Seminarı giriş sözü ilə açan ADU-nun Konfutsi
İnstitutunun direktoru Rafiq Abbasov Çinin milli mədəniyyətinin
inkişafında qrafika sənətinin xüsusi növü kimi xalq rəsm
əsərlərinın rolundan danışıb.

R.Abbasov həmçinin, “nyanxua”nın əsas tarixi-mədəni inkişaf
mərhələlərindən, bədii ifadə vasitələrinin və obrazlı sisteminin
xüsusiyyətlərindən bəhs edib. “Nyanxua” fəlsəfəsinin xalqın mənəvi
həyatını əks etdirdiyi, çinlilərin estetik ideyalarını, mənəvi
dəyərlərini və xalq adət-ənənələrini nümayiş etdirdiyi
vurğulanıb.

Seminarda çıxış edən ADU-nun çinşunas tələbələri “nyanxua”nın
əsas növləri, ənənəvi janrları və süjetləri haqqında çıxış ediblər.
Klassik ədəbi əsərlər, teatr tamaşaları, dini mövzulu və xoş arzu
ifadə edən əsərlər, mənzərə və dekorativ rəsmlər, portret janrı,
ictimai-siyasi mövzular və s. əsasında çəkilmiş rəsmlər haqqında da
söhbət açılıb.

Sonda müəyyən tarixi dövrlərdə yaradılmış “nyanxua” rəsmlərinin
– “Şagirdlər”, “Zəhmətkeşlik”, “Doğma yurd”, “Çin Xalq
Respublikasının yaranması”, “Kəndlilər və traktor”, “Bizim qəhrəman
qayıtdı”, “Ölkənin şanlı rəhbərləri”, eləcə də orta əsr
romanlarının süjetləri mövzusunda: “Qırmızı teremdə yuxu”, “Qərbə
səyahət”, “Üç çarlıq”, “Yuefu nağılı” ”, “Çjao Tszyun barbarlara
gedir” və s. haqqında video təqdimat keçirilib.

Teqlər: