Diasporla İş üzrə Dövlət Komitəsində (DİDK) genişləndirilmiş
Kollegiya iclası keçirilib.
Komitədən AzerTimes-a verilən
məlumata görə, iclas Müzəffər Ali Baş Komandan, Prezident İlham
Əliyevin təşəbbüsü ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa
şəhərində keçirilmiş Dünya Azərbaycanlılarının V Qurultayının
yekunlarına və qarşıda duran vəzifələrə həsr olunub.
Toplantını açıq elan edən Komitə sədri Fuad Muradov qurultayın
yüksək səviyyədə təşkilində fəal iştiraklarına görə DİDK
əməkdaşlarına təşəkkürünü bildirib. Qeyd olunub ki, böyük siyasi
məna və əhəmiyyət daşıyan Zəfər qurultayında Azərbaycan
Prezidentinin tarixi çıxışı təkcə xarici ölkələrdə yaşayan
azərbaycanlılar arasında deyil, bütün dünyada böyük əks-səda
doğurub. Dövlət başçısı öz çıxışında Azərbaycan diaspor
təşkilatlarının indiyədək keçdiyi yola qiymət verib və
post-müharibə dövründə diasporun qarşısında duran hədəfləri aydın
şəkildə göstərib. Bura ilk növbədə xaricdə yaşayan uşaq və gənc
soydaşlarımızın milli-mənəvi dəyərləri bağlı ruhda böyüməsi
məqsədilə həftəsonu Azərbaycan məktəblərinin və Azərbaycan
evlərinin sayının artırılması daxildir.
DİDK-nın sədr müavinlərinin, şöbə müdirlərinin və Azərbaycan
Diasporuna Dəstək Fondu rəhbərliyinin hesabatları dinlənildikdən
sonra çıxışlar ətrafında müzakirələr olub, Komitənin qarşısında
duran vəzifələrlə bağlı müxtəlif təkliflər səsləndirilib. Qeyd
olunub ki, digər dövlət qurumları ilə əməkdaşlıq daha da
dərinləşdirilməli, xaricdə yaşayan soydaşlarımızın, eləcə də əcnəbi
siyasətçi, politoloq, jurnalist və bloggerlərin ölkəmizə
səfərlərinin təşkili davam etdirilməlidir.
Cari məsələlərin müzakirəsi ilə DİDK-nın Kollegiya iclası başa
çatıb.