DGK “Mazımçay” gömrük postunda yaranan sıxlığa aydınlıq gətirdi

Ötən gün bəzi kütləvi informasiya vasitələrində və sosial
şəbəkələrdə Qərb Ərazi Baş Gömrük İdarəsinin Gürcüstanla sərhəddə
yerləşən “Mazımçay” gömrük postunda yük nəqliyyat vasitələrinin
sıxlığı ilə bağlı yanlış informasiyalar yayımlanıb. Belə ki,
yayılan informasiyalarda sıxlığın gömrük orqanlarının yaratdığı
süni maneələr nəticəsində yarandığı iddia olunur.

Dövlət Gömrük Komitəsindən
Trend
-ə verilən məlumata görə, ölkəmizin ixrac və tranzit
imkanlarının, Azərbaycandan keçən nəqliyyat dəhlizlərinin
cəlbediciliyinin artırılması üçün Prezident İlham Əliyevin
rəhbərliyi ilə bir sıra irimiqyaslı layihələr həyata keçirilir. Bu
istiqamətdə atılan addımlar çərçivəsində gömrük-sərhəd keçid
məntəqələrinin buraxılış qabiliyyəti də xeyli yüksəldilib.
Gömrük-keçid məntəqələrində əsaslı yenidənqurma işləri aparılıb,
müasir infrastruktur qurulub. Hazırda ölkəmizin Gürcüstan və Rusiya
Federasiyası ilə sərhəddə yerləşən gömrük-keçid məntəqələrinin
potensialı, buraxılış qabiliyyəti mövcud və daha artıq nəqliyyat
axınlarını idarə etməyə imkan verir.

Dövlət Gömrük Komitəsi bildirir ki, sıxlıqların yaranmasına
səbəb ölkəmizdən tranzit keçən yük nəqliyyat vasitələrinin sayının
son aylarda kəskin surətdə artması ilə əlaqədardır. Belə ki,
hazırda Gürcüstanla sərhəddə yerləşən iki gömrük-keçid məntəqəsi
vasitəsilə gün ərzində 1000-ə qədər nəqliyyat vasitəsinin keçidini
təmin etmək mümkündür. Bu da ölkə ərazisinə “tranzit” gömrük
proseduru altında daxil olan yük nəqliyyat vasitələrinin
sərhədkeçmə prosedurlarını asan və sürətli şəkildə həyata keçirməyə
imkan verir.

Lakin Azərbaycandan keçən yük nəqliyyat vasitələri daha sonra
Gürcüstan və Türkiyə Respublikası üzərindən müəyyən olunan
marşrutla hərəkət edirlər və bu ölkələr artan nəqliyyat axının
qəbulunda müəyyən çətinliklərlə üzləşirlər. Belə ki, hazırda
Gürcüstan-Türkiyə sərhədindəki gömrük-keçid məntəqələrinin
qarşısında Türkiyəyə daxil olmaq istəyən avtomobillərin sıxlığı
yaranıb. Üstəlik xeyli sayda yük nəqliyyat vasitəsi Türkiyəyə
keçmək üçün Gürcüstan ərazisindəki TIR parklarında növbə gözləyir.
Buna görə də Gürcüstan Respublikası Azərbaycandan daxil olan
nəqliyyat vasitələrinin sayında müəyyən məhdudiyyətlər tətbiq
edir.

Hazırda hər iki ölkənin müvafiq qurumları ilə danışıqlar
aparılır və yaxın günlərdə problem həllini tapacaq.

Gömrük orqanlarının sərhədkeçmə proseslərində süni maneələr
yaratması ilə bağlı irəli sürülən, hər hansı fakta söykənməyən
əsassız iddialar isə məsuliyyətsizliyin, qərəzli mövqenin
təzahürüdür.

Teqlər: