Dövlət gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları narkotik qaçaqmalçılığının qarşısını alıb.
AzerTimes xəbər verir ki, bu barədə Komitə məlumat yayıb.
Məlumata görə, Bakı-Doha aviareysi ilə gedən sərnişinlərə məxsus baqajlara rentgen qurğusu vasitəsi ilə gömrük baxışı keçirilərkən, Maldiv vətəndaşı Mohamed Naasıra məxsus çamadanın alt hissəsində şübhəli təsvirlər müşahidə olunub.
Daha sonra kinoloji xidmət iti vasitəsilə çamadana baxış keçirilib və it çamadana reaksiya verib. M.Naasır steril zonadan yoxlama otağına dəvət olunub, ona məxsus çamadana əsaslı gömrük baxışı keçirilib. Yoxlama zamanı çamadanın alt hissəsinə yapşqanla bərkidilmiş sarı rəngli, yastı formalı sellofan paketin içindən gömrük nəzarətindən gizlədilən, açıq qəhvəyi rəngli toz şəklində, xalis çəkisi 3 660 qram təşkil edən narkotik vasitə-heroin aşkar olunub.