Delyaqinin təxribat xarakterli çıxışı Azərbaycan ictimaiyyətinin ciddi narazılığına səbəb olub – Səfirlik

Rusiya Federasiyası Dövlət Dumasının deputatı, iqtisadi siyasət
komitəsinin sədr müavini Mixail Delyaqinin Rusiya televiziyasında
səsləndirdiyi məlum sərsəm və təxribat xarakterli çıxışı Azərbaycan
ictimaiyyətinin, o cümlədən Səfirlik əməkdaşlarının da ciddi
narahatlıq və narazılığına səbəb olmuşdur.

AzerTimes xəbər verir ki, bu
barədə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı
Səfirliyinin məlumatında deyilir.

“29 mart tarixində Rusiya Federasiyası Prezidentinin mətbuat
katibi Dmitri Peskov Mixail Delyaqinin fikirlərini şərh edərkən,
onu emosiyalarını cilovlamağa və Azərbaycana münasibətdə dost
olmayan bəyanatlardan çəkinməyə çağırmışdır. Bundan əlavə, o, qeyd
etmişdir ki, bu açıqlama Rusiya Federasiyasının rəsmi mövqeyinə heç
bir halda cavab vermir və verə də bilməz. Rusiyanın Qarabağda
sülhün dəstəklənməsi və tərəflərin öz
üzərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsi üçün böyük səy
göstərdiyi bir vaxtda Mixail Delyaqinin bu cür ritorikadan
çəkinməli olduğunu vurğulamışdır.

Həmçinin, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin
sözçüsü Mariya Zaxarova mətbuat üçün keçirdiyi ənənəvi brifinq
zamanı Dmitri Peskovun açıqlaması ilə həmfikir olduqlarını
söyləmiş, istənilən bu kimi bəyanatların qəbuledilməz və
məsuliyyətsiz olduğunu diqqətə çatdırmışdır. Azərbaycanla
qarşılıqlı müttəfiqlik və strateji tərəfdaşlıq münasibətlərinin
qurulmasını hədəf qoymuş Rusiya Federasiyasının, onun rəhbərliyinin
mövqeyini əks etdirmədiyini bildirmişdir. Həmçinin Rusiya XİN-in
rəsmisi Dövlət Dumasının rəhbərliyi tərəfindən də belə təxribat
xarakterli açıqlamalara qiymət veriləcəyinə əminliyini ifadə
etmişdir.

Bundan əlavə, “Spravedlivaya Rossiya” partiyasının rəyasət
heyətinin katibi, Rusiya Dövlət Dumasının III-VII çağırış deputatı
Oleq Şein tərəfindən Səfir Polad Bülbüloğlunun adına məktub
ünvanlanmışdır. Məktubda Oleq Şein sağlam düşüncəsini itirməmiş
Rusiya vətəndaşları adından həmpartiyalısı, Dövlət Dumasının
deputatı Mixail Delyaqinin Rusiya
televiziyasında səsləndirdiyi fikirləri ilə bağlı üzr istəyir,
soydaşlarının əksər çoxluğunun Azərbaycanı dost ölkə, Azərbaycan
xalqını isə mehriban qonşu kimi qəbul etdiklərini vurğulayır.

Eyni zamanda, Oleq Şein təmsil etdiyi partiyanın rəhbərliyinə
daxil olan bir şəxs kimi gələcəkdə belə insidentlərin baş verməməsi
üçün müvafiq addımlar atdığını da bildirir.

Səfir Polad Bülbüloğlu “Rossiya 1” kanalının daxil olduğu
Ümumrusiya Dövlət Teleradio Verilişləri Şirkətinin rəhbərliyinə
Azərbaycan ictimaiyyətinin ciddi narazılığı çatdırmış və belə
halların qəbuledilməz olduğu vurğulamışdır. Göstərilmiş səylər
nəticəsində Mixail Delyaqin də bu gün Rusiya rəsmiləri tərəfindən
ona verilmiş məsləhətləri qəbul etdiyini açıqlamış, səsləndirdiyi
fikirlərinə görə peşman olduğunu bildirərək üzr istəmiş və belə
addımı şou naminə atdığını söyləmişdir”, – məlumatda qeyd
edilir.

Teqlər: