“Dələduzluq hallarının sayının artması ümumilikdə elektron ticarətin inkişafı ilə bağlıdır”: AccessBank-ın Kartlar Departamentinin rəhbəri Sevinc Əliyeva

“Kaspersky” azərbaycanlı internet istifadəçiləri arasında sorğu
keçirib*. Araşdırma nəticəsində məlum olub ki, sorğuda iştirak
edənlərin 87%-i onlayn fırıldaqçılıqla şəxsən qarşılaşıb;
respondentlərin yarıdan çoxu (57%) lotereya uduşu təklifi alıb;
21%-i özünü bank işçisi kimi təqdim edən və maliyyə məlumatlarını
təsdiq etməyi istəyən şəxslərlə ünsiyyətdə olub; sorğu
iştirakçılarının 21%-i az tanınan saytlarda “çox cəlbedici
endirimlərlə” alış-veriş edərək sonda əliboş qalıb.

Baş verən halların 88%-də fırıldaqçılar şəxsi telefon
nömrələrinə zəng edib və ya mesaj göndəriblər, 83% hallarda isə
məktublar respondentlərin və ya onların yaxınlarının elektron poçt
ünvanına gəlib. Çox vaxt dələduzlar özlərini bank və maliyyə
qurumunun (27%), yaxud da tanınmış brendin əməkdaşı kimi (27%)
təqdim ediblər. 65% hallarda respondentlə şəxsən əlaqə
saxlanılmayıb.

Fırıldaqçılar daha çox uduşlar (34%), investisiya təklifləri
(25%) və ya “asan qazanc” viktorinalarında iştirak (14%) haqqında
mesajlarla insanların diqqətini cəlb etməyə çalışıblar. Dələduzlar
müraciətlərində SMS-dəki şifrə və ya kart məlumatını təqdim etməyi
(36%), kartdan karta pul köçürməyi (21%) və şəxsi və/və ya ödəniş
məlumatlarını (21%) göndərməyi xahiş ediblər.

“Araşdırmamızın nəticələri göstərdi ki, pandemiya və ümumi
özünütəcrid dövrü dələduzluğun inkişafı üçün münbit zəmin yaradıb.
Bu gün dünyada sosial mühəndisliyin köməyi ilə istifadəçiləri
aldatmaq üçün artıq bütöv bir sənaye mövcuddur. Bu təhlükə
azərbaycanlılar üçün də getdikcə daha geniş vüsət alır. Bununla
bütün bazar iştirakçıları ilə birlikdə mübarizə aparmaq, o
cümlədən, istifadəçilərin maliyyə savadlılığı artırmaq lazımdır”, –
deyə “Kaspersky”-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq
Məmmədov bildirib.


AccessBank-ın Kartlar Departamentinin rəhbəri Sevinc Əliyevanın
fikrincə, dələduzluq hallarının sayının artması ilk növbədə
ümumilikdə elektron ticarətin inkişafı ilə bağlıdır:“Dələduzluq
yolu ilə pul vəsaitlərinin mənimsənilməsi ödəniş kartına dair məxfi
məlumatların və kart istifadəçisi tərəfindən SMS bildiriş
formasında əldə olunan birdəfəlik şifrənin ələ keçirilməsi ilə baş
verir. Bundan əlavə, son vaxtlar fırıldaqçıların bank adından kart
istifadəçiləri ilə əlaqə saxlaması və ödəniş kartına aid müəyyən
məlumatların açıqlanmasına dair tələblər irəli sürməsi ilə bağlı
hallara daha çox rast gəlinir. Belə bir şəraitdə banklar
fırıldaqçılıqla daim mübarizə aparır və müştərilərin məxfi
məlumatlarının üçüncü şəxslərə açıqlanmamasının vacibliyini
vurğulayırlar. Maarifləndirmə kampaniyaları vaxtaşırı SMS
bildirişlər, bankın rəsmi saytında və sosial şəbəkə səhifələrində
məlumatların yerləşdirilməsi yolu ilə təşkil edilir”, – deyə
S.Əliyeva qeyd edib.

“Kaspersky” telefon və internet dələduzluğuna qarşı əsas
təhlükəsizlik qaydalarını xatırladır:

  • tanımadığınız şəxslər tərəfindən nəsə təklif etmək və ya
    məlumat almaq məqsədilə edilən zənglərə qarşı diqqətli olun;
  • SMS, elektron məktub və ya messencer mesajlarındakı şübhəli
    linklərə keçid etməyin;
  • CVV və SMS-də gələn birdəfəlik şifrələri və ya “push”
    bildirişləri heç vaxt və heç kimlə paylaşmayın;
  • guya bankdan zəng gələrsə, dəstəyi asın və kartın arxasında
    göstərilən nömrə ilə banka birbaşa özünüz zəng edin;
  • fərdi istifadəçilərə fişinq mesajlarını və saytlarını tanıya
    bilən Kaspersky Internet
    Security
    müdafiə həllini yükləmək, şirkətlərə isə Kaspersky Automated Security Awareness
    Platform
    -un köməyilə əməkdaşlarının rəqəmsal savadlılığını
    artırmaq tövsiyə olunur.

* Sorğu ERA Marketing Center şirkəti tərəfindən
2021-ci ilin payızında keçirilib. “Face-to-face” (üzbəüz) üsulu ilə
Bakı, Gəncə və Sumqayıt şəhərlərinin kiberdələduzluqla qarşılaşan
sakinlərinin fikri öyrənilib. Sorğuda ümumilikdə 18 yaşdan yuxarı
500 insan iştirak edib.

Teqlər: