Dələduz “gizli şəkildə” azadlığa buraxıldı, indisə gizlənir

Dələduz “gizli şəkildə” azadlığa buraxıldı, indisə gizlənir

Vətəndaşlara qarşı ümumilikdə 213 min manatlıq dələduzluq edən Vüsal Bağırov naməlum şəraitdə azadlığa buraxılıb.

Bu barədə AzerTimes-a zərərçəkənlərdən biri məlumat verib.

O bildirib ki, V.Bağırov zərərçəkənlərə bircə manat da olsun, pul qaytarmayıb, buna baxmayaraq, azadlıqdadır. Zərərçəkən iddia edib ki, V.Bağırov qeyri-qanuni yolla azadlığa çıxdığını, həbs edilməyəcəyini bildirərək, zərərçəkənlərə heç nə ödəməyəcəyini deyir.

Məlumatı dəqiqləşdirmək üçün V.Bağırovla əlaqə saxladıqda məlum olub ki, adıçəkilən şəxs doğrudan da azadlıqdadır. Ona edilən zəngin redaksiyadan olduğunu anladıqda isə V.Bağırov telefonu söndürdü.

Qeyd edək ki, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onları aldadan Vüsal Bağırovun 11 may 2022-ci il tarixdə saxlanıldığı bildirilmişdi.

Araşdırma zamanı müəyyən edilmişdi ki, həmin şəxs özünü təmir-tikinti firmasının rəhbəri kimi təqdim edərək müxtəlif vaxtlarda 5 nəfəri onların mənzilini təmir edəcəyi adı ilə aldadaraq, zərərçəkənlərin pullarını ələ keçirib. Bu müddət ərzində Vüsal Bağırov həmin şəxslərdən ümumilikdə 213 min manatdan artıq pul alıb. Buna baxmayaraq, o, vəd etdiyi kimi mənzillərdə təmir və tikinti işləri həyata keçirməyib.

Faktlarla bağlı V.Bağırov barəsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq, təkrar törədildikdə) və 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Cinayət İşi başlanılıb. Nəticədə Vüsal Bağırov saxlanılaraq istintaqa təqdim edilib.

Teqlər: