Dekabrda dünyada koronavirusa yoluxma üzrə rekord qeydə alınıb

Xəbər - Orxan Nəbiyev – Trend:

2021-ci ilin dekabr ayında bütün dünyada 24,7 milyon nəfər koronavirusa yoluxub ki, bu da pandemiya dövründə qeydə alınan ən yüksək göstərici olub.

Trend-in məlumatına görə, bu rəqəm noyabr ayı ilə müqayisədə 8,5 milyon nəfər çox olub.

Təkcə dekabrın son həftəsində 8,4 milyon yeni yoluxma qeydə alınıb. Bu da pandemiya dövrünün ən yüksək göstəricisi olub.

Buna qədər dünyada ən yüksək aylıq yoluxma göstəricisi 2021-ci ilin aprelində qeydə alınmışdı. O zaman 22 milyondan çox şəxs virusa yoluxmuşdu.

Qeyd edək ki, bu günədək dünyada koronavirusa yoluxanların sayı 293 milyon nəfərə çatıb. 5,4 milyondan çox şəxs vəfat edib.