Dəhşətli böhranla üz-üzəyik – Sensasion şərh

Dəhşətli böhranla üz-üzəyik – Sensasion şərh

Dünyanın başı Rusiyanın Ukraynaya vəhşi hücumuna, işğal cəhdinə qarışdığından iqtisadi sahədə baş verənlər arxa plana keçib, amma unutmayaq ki, iqtisadiyyat təməldir, siyasi, geosiyasi vəziyyət daha çox iqtisadi maraqlardan və dünya iqtisadiyyatında baş verən proseslərdən doğur.

AzerTimes xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli son qlobal iqtisadi proseslər haqda qeyd edib.

O bildirib ki, 2008-ci ildə baş verən və “Lehman Brothers” böhranı kimi yadda qalan iqtisadi daralma tez bir zamanda, amma yalnız likvidlik bolluğu vasitəsi ilə aradan qaldırıldı:

“Dünya iqtisadiyyatında institutsional problemlər həll edilmədi, ancaq “pul çapı”, likvidlik bolluğu, “helikopter pullar” daralmanın qarşısını aldı və dünya yenidən borcla böyümə modelinə geri döndü.

2020-ci ildə elan edilən pandemiya iqtisadiyyatı dünya üzrə çökdürməyə başladı, prosesin axmaqcasına idarə edilməsi iqtisadiyyatın təməllərini zədələdi, dünyada virusdan çox insanları məhz iqtisadi çətinliklər, depressiya, işsizlik və mənasız qapanmalar öldürdü. Yenə də institusional olaraq heç bir addım atılmadı, ancaq likvidlik bolluğu ilə iqtisadi çətinliklərlə mübarizə aparılmağa çalışıldı, illik 84,7 trilyon dollarlıq ÜDM olan dünya iqtisadiyyatına 17,2 trilyon dollar vəsait axıdıldı. Nəticədə likvidlik bolluğu dünyada inflyasiyanı tətiklədi, bütün aktivlərin, əmtəələrin qiyməri artmağa başladı – pandemiyada dünya qapanırdı, amma səhm bazarı, əmtəələr, inflyasiya yüksəlirdi, bu, mənasız “pul yağışının” nəticəsi idi”.

Ekspertin sözlərinə görə, hazırda FES (FED) öncüllüyündə dünya dövlətləri ayılıb addımlar atmağa başlayıb, institusional yox, sadəcə səpdikləri pulları yığmaqla inflyasiya ilə mübarizə aparmaq istəyirlər:

“FES faizləri artırır, onlara baxıb bütün dünya ölkələrinin MB-ləri də faiz artırmaqla məşğuldular. Bəli, bu, bir neçə ay sonra inflyasiyanı cilovlaya bilər, amma baha likvidlik, artan kredit faizləri dünya iqtisadiyyatının kəskin daralmasına, aktivliyin azalmasına, işsizliyin artasına səbəb olur-olacaq – yəni, bir dərdi (inflyasiyanı) cilovlamaq istəyəndə, digər dərdi (ressesiya və iqtisadi böhranı) alovlandırırlar.

Artıq bir çox beynəlxalq nüfuzlu təşkilatlar, banklar, yatırım fondları həyəcan təbili çalmağa başlayıblar – “JPMorgan Chase & Co.” CEO-su Dimon açıqlama verib ki, ABŞ iqtisadiyyatı yaxın aylarda tam resessiyaya girəcək, ciddi iqtisadi daralma qeydə alınacaq. Nəzərə alın ki, ABŞ iqtisadiyyatı “asqıranda” dünya iqtisadiyyatı həmən “sətəlcəm” olur.

Yəni, dünya istisadiyyatına artıq böhran “bombası” düşüb – bu o deməkdir ki, yaxın aylarda dünyada işsizlik, xalqların qəzəbi artacaq, böhran dərinləşəcək, dünya təcrübəsi və tarixi onu deyir ki, belə böyük böhranlardan iri ölkələrin, şirkətlərin bankrot olmadan, yüzmilyonlarla insan kasıblaşmadan çıxması mümkün deyil. Əslində dünya həmişə belə böhrandan irimiqyaslı müharibə ilə çıxırdı, indi məhz atom silahının mövcudiyyəti böyük müharibənin qarşısını alır, ona görə də atom silahından yox, iqtisadi “partlayışlardan” qorunmaq haqqında düşünmək, bunun yollarını tapmaq lazımdır…”

Teqlər: