Daxili bazarın qorunmasına dair qərar vaxtında qəbul olundu – Deputat

Nazirlər Kabinetinin daxili bazarın qorunmasına dair qərarını
vaxtında qəbul olunmuş vacib qərar hesab edirəm. Dövlətimiz hər
zaman öz vətəndaşını düşünür və çalışır ki, vətəndaşlarımızın
sosial vəziyyətinə xarici təsirlərin təzyiqi yaranmasın.

Bunu AzerTimes-a Milli
Məclisin deputatı Azər Badamov Nazirlər Kabinetinin Minimum
istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq
mallarının və onların istehsalında istifadə olunan malların ölkə
ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında
qərarını şərh edərkən deyib.

Deputat bildirib ki, ölkədə ərzaq təhlükəsizliyini təmin etmək
və daxili bazarın sabitliyini qorumaq hökumətin qarşısında duran
əsas vəzifələrindən biridir.

“Bu gün iqlim dəyişiklikləri nəticəsində dünyada ərzaq
mallarının istehsal həcmləri azalıb və Ukrayna müharibəsi
nəticəsində dünya ərzaq bazarında müəyyən qədər çətinliklər
yaranıb. Azərbaycan hökuməti dünya ərzaq bazarında baş verə biləcək
müəyyən böhranlardan qorunmaq üçün qabaqlayıcı addımlar atır,
daxili bazarın ərzaq təminatında qıtlığın və qiymət artımlarının
baş verməməsi üçün qabaqlayıcı tədbirlər görür”, – deyə A.Badamov
vurğulayıb.

O qeyd edib ki, 2021-ci ilin oktyabrın 7-də cənab Prezidentin
sərəncamı ilə Dövlət Ehtiyatları Agentliyi yaradıldı.

“Bu gün həmin agentlik kifayət qədər taxıl ehtiyatını yığa bilib
ki, dünyada böhranlı vəziyyət yarandığı halda ölkə əhalisini
fasiləsiz şəkildə təmin etsin. Həm də ölkə başçısının tapşırıqları
və dövlət dəstəyi ilə ölkəmizdə aqrar sahənin inkişafında böyük
uğur qazanılıb.

Azərbaycan bu gün əhalinin istehlak səbətinə daxil olan
mallarını demək olar ki, ölkəmizdə istehsal edir və daxili bazarın
təlabatı ödənilir. Həm də bir çox mallar var ki, ölkə əhalisinin
təlabatından çox istehsal olunur və xarici bazarlara ixrac olunaraq
ölkəmizin ixrac qabiliyyətini artırır. Amma bu gün dünyada cərəyan
edən hadisələr dünya ərzaq bazarında bahalaşmalara yol açan
meyillər meydana gətirib. Bu meyillərin Azərbaycan bazarına
təsirlərinin minimalaşdırılması üçün bəzi növ ərzaq malların
ixracında məhdudiyyətlərin tətbiq olunması ilə bağlı Nazirlər
Kabineti qərar imzalayıb. Onu qeyd edim ki, bu gün daxili
bazarımızda ərzaq təminatı ilə bağlı hər hansı bir narahatlıq
yoxdur, hökumət daxili bazara nəzarət edir, qiymətlərin
monitorinqini aparır və bazarda fasiləsiz ərzaq məhsulları ilə
təminat üçün qabaqlayıcı addımlar atır.

Qərara əsasən, müəyyən olunmuş məhsulların ölkə ərazisindən
çıxarılmasına, yəni ixracına müəyyən məhdudiyyət tətbiq olunur və
əgər hər hansı bir sahibkar siyahıda adı olan malı ixrac etmək
istəyərsə, İqtiadiyyat Nazirliyinə yazılı şəkildə müraciət edir.
İqtisadiyyat Nazirliyi həmin malın daxili bazarda ehtiyac
səviyyəsini və dövlət ehtiyatını təhlil edərək 5 gün ərzində
sahibkara icazə verir və ya icazə vermir”, – deyə deputat
bildirib.

O vurğulayıb ki, dövlətimiz ölkə əhalisini etibarlı və
təhlükəsiz ərzaq malları ilə fasiləsiz təmin etmək gücündədir.

“Düşünürəm ki, hökumətimiz tərəfindən gündəlik vacib malların
idxal bazarılarının şaxələndirilməsi istiqamətində də işlər
görülür. Onu da qeyd edim ki, artıq kənd təsəsrrüfatı məhsullarının
tədarükü mövsümünə də az vaxt qalıb. Bütün bunları nəzərə alaraq
daxili bazarımızın fasiləsiz və qiymət artımlarına yol verilmədən
təminatında hər hansı bir çətinliyin yaranmayacağını deyə bilərik”,
– deyə A.Badamov əlavə edib.

Teqlər: