Dava olacaq: Akşənər gedəcək, Kılıçdaroğlu isə… – İnac

Dava olacaq: Akşənər gedəcək, Kılıçdaroğlu isə… – İnac

Türkiyə seçkilərində ikinci turun nəticələri aşağı-yuxarı məlumdur.

AzerTimes xəbər verir ki, bu sözləri Globalinfo.az-a açıqlamasında siyasi analitik, professor Hüsaməddin İnac deyib.

O bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın daha çox səs toplayaraq ciddi fərqlə qalib gələcəyi indidən görünür:

“Bunu bir neçə şəkildə əsaslandırmaq olar: Birincisi, Ərdoğanın əsas rəqibi sayılan Kamal Kılıçdaroğlu ilə arasında 5 faiz, təxminən 2 milyondan çox səs fərqi var.

İkincisi, Ərdoğanın sədri olduğu AKP-nin daxil olduğu Cümhur İttifaqının parlamentdə çox yer qazanması da prosesdə böyük üstünlükdür. Bu üstünlük ikinci tura təsir edəcək.

Üçüncüsü isə xüsusilə müxalifət seçkiqabağı, yəni Millət İttifaqı 60 faiz səslə Kamal Kılıçdaroğlunun qalib olacağını deyərək tərəfdarlarını inandırdı. Amma ilk turda bu vəd reallaşmadığı üçün müxalif cəbhənin çökməsinə şahid oluruq”.

Professorun sözlərinə görə, “Altılı masa” aradan qalxdı, müxalifət daxilində çox ciddi mübahisələr var:

“Partiyalar bir-birlərini günahlandırır. İYİ Partiyasının sədri Maral Akşənər Kamal Kılıçdaroğlunun qalib gəlməyəcəyini öncədən bildirdiyini söyləyərək, CHP-ni suçlayır. Digərləri isə Maral Akşənərin masadan qalxdığı üçün insanlarda güvənsizlik yaratdığını qeyd edirlər. Bu səbəblə müxalifət səslərində ciddi azalmanın olacağını düşünürəm”.

Analitik Maral Akşənər və partiyasının yaxında tarixə qovuşacağını söyləyərək bunun səbəblərinə aydınlıq gətirib:

“Bu müddətdə Millət İttifaqının PKK, FETÖ kimi terror birləşmələri ilə əməkdaşlığı, imperialist güclərlə birlikdə hərəkət ediləcəyi, Qərbdən gələn bütün təklifləri sorğusuz qəbul edəcəklərinə dair açıqlamaları ciddi böhran yaratdı. Nəticədə Türkiyə, xüsusilə atatürkçü, türk millətçiliyinə bağlı, ölkənin birliyini, bütövlüyünü müdafiə edən insanlar Millət İttifaqına səs vermədilər. Maral xanım hər nə qədər milliyyətçi bir partiya kimi bu ittifaqda yer alsa da, fəaliyyəti inandırıcı olmadı. Çünki PKK, FETÖ, erməni və kürd separatçı hərəkatları ilə münasibətlərə məsafə qoymaması səbəbi ilə tərəfdarları arasında ona inam azaldı. İYİ Partiyası hər nə qədər özünü toplamış kimi görünsə də, sosioloji əsası olmayan, daha çox sekulyar milliyyətçilərin hakim olduğu partiya kimi görünür. Bütün bunları nəzərə alaraq Maral Akşənər və partiyasının yaxın zamanda siyasi səhnəni tərk edəcəyini demək mümkündür. Çünki Akşənər mövcudluğunu Kılıçdaroğlunun prezidentinin seçilməsinə bağlamışdı. Müxalifətdən birinci partiya kimi seçiləcəyini, özünün də parlament sistemində baş nazir olacağını iddia edirdi. Kılıçdaroğlu məğlub olacağı təqdirdə Akşənərin gözləntiləri də özünü doğrultmayacaq. Onun partiyası daxilində az da olsa, milliyyətçi bir kəsim var ki, Akşənəri istəmir. Nəticə etibarı ilə böyük bir davanın şahidi olacağımızı deyə bilərik”.

Professor Kılıçdaroğlunun siyasi varlığını qoruyacağını deyib:

“Kılıçdaroğlu meydandakı varlığını ciddi şəkildə qoruya bilər. Çünki məhz o, bu seçkilərin ən böyük məğlubu hesab edilir. Amma sədri olduğu Cümhuriyyət Xalq Partiyasında (CHP) daxili demokratiya yoxdur. Özü ələvi olduğu üçün onunla eyni inanca sahib olanlarla bir dərəcə sistemi yaradıb. Həmin şəxslər də Kılıçdaroğluna bağlı insanlardır. Beləliklə, ikinci turda məğlub olsa da, Kamal Kılıçdaroğlunun CHP lideri kimi fəaliyyətinə davam edəcəyini düşünürəm”.

Teqlər: