“Daşkəsən” dəmir filizi yataqlarının istismarına dair ictimai müzakirə keçirilib (FOTO)

“Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyəti (DDF MMC)
tərəfindən Daşkəsən dəmir filizi yataqlarının istismara verilməsi
işləri çərçivəsində Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ)
sənədinin hazırlanması prosesi başa çatdırılıb.

Daşkəsən şəhərində yerli icra hakimiyyəti və bələdiyyələrin
əməkdaşları, elmi təşkilatların təmsilçiləri və digər ictimaiyyət
nümayəndələrinin iştirakı ilə sözügedən sənədin ictimai müzakirəsi
keçirilib. İctimai iştirakçılıq haqqında qanunvericiliyə uyğun
olaraq təşkil edilən görüşdə cari ilin yay aylarında istismarına
başlanılması planlaşdırılan “Daşkəsən” dəmir filiz sahəsi və ətraf
ərazilərdə təfsilatlı ekoloji monitorinq və tədqiqat işlərinin icra
edildiyi, ekoloji və sosial-iqtisadi mühitə gözlənilən təsirlərinin
qiymətləndirildiyi qeyd edilib. Həmçinin hasilat işləri zamanı bu
təsirlərin azaldılması məqsədilə ən müasir istehsalat təcrübəsinə
əsaslanan səmərəli idarəetmə sisteminin tətbiqi və qabaqcıl
texnologiyalardan istifadə edilməsi öz əksini tapıb.

İctimai müzakirə zamanı görüş iştirakçıları tərəfindən ƏMTQ
sənədinin dağ-mədən sənayesi ilə bağlı mövcud qanunvericiliyin
tələblərinə uyğun işlənib hazırlandığı xüsusilə vurğulanıb və
sənəddə əksini tapan məsələlərin icrasının bölgədəki
biomüxtəlifliyinin qorunması baxımından vacibliyi qeyd olunub.
Bununla yanaşı, görüş iştirakçıları və ekspertlər tərəfindən
ekoloji monitorinq və ətraf mühitin idarə edilməsi tədbirlərinə
dair bir sıra təkliflər səsləndirilib. Təkliflər baxılması və
sözügedən sənədə daxil edilməsi üçün protokollaşdırılıb.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr
2020-ci il tarixli 2245 nömrəli Sərəncamı ilə “AzerGold” Qapalı
Səhmdar Cəmiyyətinə ölkə ərazisində qara metal filizi yataqlarının
öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənilməsi və idarə olunması,
habelə bu sahənin inkişafına dair digər işlərlə bağlı səlahiyyətlər
həvalə edilib. Sərəncamdan irəli gələn tapşırıqların icrası, dəmir
filizi yataqları üzrə fəaliyyətin təşkili ilə əlaqədar bütün
səhmləri Cəmiyyətə məxsus olan ilk törəmə şirkət – DDF MMC 2020-ci
ildən dövlət qeydiyyatına alınaraq fəaliyyətə başlayıb.

MMC Prezident İlham Əliyevin 06 avqust 2020-ci il tarixli 2202
nömrəli Sərəncamına əsasən “Daşkəsən” dəmir filizi yataqlarının
istismara verilməsi ilə bağlı kompleks işlərin icrasını davam
etdirir. Bu layihənin başlıca hədəfi qısa müddət ərzində dəmir
filiz yataqlarının hasilata verilməsi və qara metallurgiya
məhsullarının istehsalı üçün keyfiyyətli xammala olan təlabatın
ödənilməsidir.

Layihə çərçivəsində ölkə ərazisində dəmir filizi hasilatı,
emalı, o cümlədən dəmir filizi konsentratı və birbaşa reduksiya
edilmiş dəmirin istehsalı üçün sənaye kompleksinin yaradılması ilə
qeyri-neft sənayesinin tərəqqisinə əhəmiyyətli töhfələr veriləcək.
Belə ki, istismara başlanılması ilə Gəncə-Daşkəsən iqtisadi
rayonunda daimi iş yerlərinin açılması, yerli şirkətlərin
fəaliyyəti üçün yeni imkanların yaradılması və ölkə iqtisadiyyatına
yüz milyonlarla manat vəsaitin cəlb edilməsi nəzərdə tutulub.

Teqlər: