Darçiaşvili Tiflis görüşündən gözləntilərini açıqladı

Darçiaşvili Tiflis görüşündən gözləntilərini açıqladı

Gürcüstan Azərbaycan və Ermənistan XİN başçılarının Tiflis görüşündən gözləntilərini açıqlayıb.

AzerTimes xəbər verir ki, bunu Gürcüstan xarici işlər naziri İlya Darçiaşvili deyib.

“Bizim Azərbaycan və Ermənistan XİN başçılarının Tbilisidə keçirdikləri görüşdən gözləntilərimiz bundan ibarətdir – məqsədimiz ilk növbədə dost, qonşu ölkələrin konkret nəticələr əldə etməsidir. Digər tərəfdən məqsədimiz Cənubi Qafqaz bölgəsində üç ölkə arasında birgə koordinasiya yolu ilə sülh və sabitliyi möhkəmləndirməkdir”, – nazir qeyd edib.

İlya Darçiaşvili dünyanın təhlükəsizlik arxitekturasında xüsusi çağırışların olduğu dövrdə regionda sülh və sabitliyin gücləndirilməsinin böyük önəm kəsb etdiyini bildirib.

XİN başçısı azərbaycanlı və erməni həmkarlarının görüşünün konkret nəzərəçarpacaq nəticə ilə başa çatıb-çatmadığı ilə bağlı suala cavabında deyib ki, beynəlxalq danışıqlar heç də həmişə nəticə ilə yekunlaşmır:

“Bu gün danışıqların ilk mərhələsi baş tutdu və burada ən önəmli məsələ presedentin yaradılması və iki qonşu ölkə arasında birbaşa dialoqun başlamasıdır”.

İ.Darçiaşvili Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün tərəflər arasında danışıqların davamı üçün çox möhkəm zəmin yaratdığına əminlik ifadə edib: “Tərəflər sıx koordinasiya, müxtəlif mərhələlərlə onlar üçün xüsusi əhəmiyyət kəsb edən məsələlərin həlli üçün mövqelərini yaxınlaşdıra bilərlər”.

Nazir qeyd edib ki, Tiflis gələcəkdə iki qonşu ölkənin nümayəndələrini qəbul etməyə və onların gündəliyində duran konkret məsələlərin həllinə kömək etməyə hazır olacaq.

Teqlər: