Daha iki Azərbaycan güləşçisi Avropa çempionu oldu (FOTO)

Bolqarıstanın Plovdiv şəhərində keçirilən 23 yaşadək
güləşçilərin Avropa çempionatı sona çatıb.

Azərbaycan Güləş Federasiyasından AzerTimes-a verilən məlumata görə,
qitə birinciliyinin 6-cı günündə son 4 sərbəst güləşçimiz
mübarizəyə qoşulub.

Cəbrayıl Hacıyev (74 kq) ilk mərhələdə erməni Menua Yaribekyana
heç bir şans tanımayıb – 12:2. Hacıyev 1/4 finalda avstriyalı Simon
Marçl ilə gərgin keçən görüşdən də qalib (4:3) ayrılıb. Cəbrayıl
yarımfinalda türk İsmet Çiftçini üstələyib – 7:3. Təmsilçimiz
finalda rumıniyalı Kriştian Büro ilə qarşılaşıb. Bu rəqibini
çətinlik çəkmədən 8:1 hesabıyla məğlub edən Hacıyev ardıcıl 2-ci
dəfə U-23 Avropa çempionatının qalibi olub.

Abubakr Abakarov (86 kq) startda bolqar Xristo İliyevə vaxtından
əvvəl qalib gəlib – 10:0. Abakarov 1/4 finalda Fransa təmsilçisi
Raxim Maqamedovdan güclü olub 6:0. Abubakr yarımfinalda türk Emre
Çiftçiyə tam üstünlüklə qalib gəlib – 14:2. Milli üzvü həlledici
görüşdə moldovalı Lilian Balana da aman verməyib. Cəmi 38 saniyəyə
finalın taleyini həll edən Abakarov Avropa çempionu olub.

Abdulcəlil Şabanov (92 kq) ilk görüşdə alban Emiyano Onuziyə
vaxtından əvvəl qalib gəlib – 10:0. Ancaq həmyerlimiz 1/4 finalda
gürcü Daviti Koquaşviliylə bacarmayıb – 2:13.

Mübarizəyə 1/4 finaldan qoşulan Aydın Əhmədov (125 kq) erməni
Hovannes Maqakyanı xalçadan məyus yola salıb – 5:1. Pəhləvanımız
yarımfinalda gürcü Solomon Manaşviliylə məğlub olub – 5:9. Aydın
bürünc medal uğrunda Yunanıstanı təmsil edən Azamat Xosonovla
mübarizə aparıb. Bu görüşdən 7:3 hesablı qələbəylə ayrılan
pəhləvanımız bürünc medalı boynundan asıb.

Beləliklə, Avropa çempionatının son günündə sərbəst
güləşçilərimiz 2 qızıl və 1 bürünc medal əldə edib. Xatırladaq ki,
bir gün öncə milli üzvləri 2 qızıl və 2 bürünc medal
qazanmışdı.

Teqlər: