Daha 5 ekspress marşrut xətti istifadəyə veriləcək

Daha 5 ekspress marşrut xətti istifadəyə veriləcək

Sonuncu sərt karantin rejimin yumşaldılması sərnişin tələbatının kəskin artmasına səbəb olub. Gündəlik sərnişin axınında 17-25% artım müşahidə olunur. Artan təlabatın qarşılanması üçün bütün daşıyıcılar üzrə mövcud avtobus deposu tam gücü ilə daşımalara cəlb olunub. Adi yay rejimi ilə müqayisədə hazırda xətlərə 45% əlavə avtobus çıxarılır.

Bu barədə Bakı Nəqliyyat Agentliyi bildirib.

Qeyd olunub ki, əlavə olaraq 10 avqust tarixindən mərhələ ilə 80-ə yaxın avtobus cəlb olunmaqla 5 əlavə ekspress xətt də istifadəyə veriləcək. Bu xətlərdən 3-ü ətraf qəsəbələrə işləyəcək. Bunun sayəsində gün ərzində Mərdəkan, Maştağa, Bilgəh və Nardaran bağları istiqamətində təxminən 36000 – 40000 nəfər sərnişin şəhər mərkəzinə rahat gediş-gəliş imkanı əldə edəcək.

Agentlikdə sərnişin avtobuslarının təhlükəsiz və fasiləsiz hərəkətinə imkan verən ayrıca zolaqların olmasının vacibliyini qeyd ediblər: “Mövcud pandemiya zamanı bu zolaqların mövcudluğu avtobuslararası intervalın tənzimlənməsi baxımından olduqca əhəmiyyətlidir. Tərəfimizdən ilkin mərhələdə 22 küçə və prospektdə bu cür zolaqların təşkili ilə bağlı təklif hazırlanaraq müvafiq qurumlara təqdim olunub”.

Xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar artan sərnişin tələbatının qarşılanması məqsədi ilə təşkil olunan 5 sayda əlavə M1 A, M2 A və M8 ekspres xətləri 10.08.2020-ci il tarixindən fəaliyyətə başlayır.

Saat 06:30-dan 21:00-dək fəaliyyətdə olacaq ekspress xətlər üzrə “BakuBus” MMC-nin istismarında olan 12 metrlik müasir və komfortlu avtobuslar sərnişinlərin xidmətində olacaq. Tələbata uyğun olaraq xətlərə 18 metrlik avtobuslar da cəlb olunacaq.

Bir neçə gündür ki, test rejimində fəaliyyət göstərən M1 A və M2 A ekspres xətti üzrə avtobuslar mövcud M1 və M2 xəttinə dəstək xarakteri daşıyır.

M8 xəttinin istifadəyə verilməsi ilə Maştağa, Zabrat, Sabunçu və bu istiqamətindəki digər yaşayış sahələrinin şəhər mərkəzi ilə birbaşa əlaqələndirməsi təmin olunacaq. Bu isə gündəlik 13.000 sərnişinin şəhər mərkəzinə və əks istiqamətdə rahat gediş-gəlişinə şərait yaradacaq. Bu xətt üzrə bir istiqamətdə 9 dayanacaq məntəqəsi müəyyən edilib ki, bunlar da zəruri hesab edilən əsas cəlbetmə məntəqələridir.