Azərbaycan Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində böyüklər arasında cüdo üzrə Avropa Kubokunda medal əyarına görə ümumi hesabda 2-ci, kişilər arasında isə 1-ci yeri tutub.
AzerTimes-ın Azərbaycan Cüdo Federasiyasına istinadən məlumatına görə, cüdoçularımız Sarayevo Avropa Kubokunu 6 medalla başa vurublar.
Mayın 20-21-də – iki gün davam edən yarışda 13 idmançımız medallar uğrunda mübarizə aparıb. İdmançılarımız yarışda ümumilikdə 3 qızıl, 1 gümüş və 2 bürünc medal əldə edib.
Yarışın ilk günü Azərbaycan cüdoçuları 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.
Yarışın ikinci günündə -81 kq. çəkidə Məhərrəm İmamverdiyev qızıl medala sahib olub. Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz Kərim Allahverdiyev 5-ci yerlə kifayətlənib. -100 kq. çəkidə Aslan Mirzəyev bürünc medal əldə edib. Eyni çəkidə digər cüdoçumuz Ruslan Nəsirli yarışı 7-ci yerdə tamamlayıb.