“COVID-19 və xəstəxanadaxili infeksiyalar” mövzusunda beynəlxalq elmi konfrans həyata keçirilib (FOTO)

25 fevral 2022-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi
Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük
Hospitalının və Mərkəzi Gömrük Hospitalının rəsmi tərəfdaşı
Florence Nightingale Xəstəxanalar Qrupunun birgə təşkilatçılığı ilə “COVID-19 və xəstəxanadaxili infeksiyalar” mövzusunda Beynəlxalq
Elmi Konfrans həyata keçirilib.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət
İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev
konfrans iştirakçılarını salamlayıb. O, konfransın Xocalı
soyqırımının 30 illiyi ərəfəsində keçirilməsi ilə əlaqədar olaraq
konfrans iştirakçılarını Xocalı soyqırımı qurbanlarını 1 dəqiqəlik
sükutla yad etməyə dəvət edib.

Mərkəzi Gömrük Hospitalının rəisi Elman Məmmədov konfransın
rəsmi hissəsini açıq elan edərək mövzu ilə əlaqəli fikirləri
bölüşüb. Bütün dünya üçün qlobal təhlükə hesab edilən COVID-19
pandemiyası ilə mübarizə istiqamətində ölkəmizdə uğurlu əksepidemik
tədbirlərin icra edildiyini vurğulayan E.Məmmədov Mərkəzi Gömrük
Hospitalının da 2020-ci ilin iyun ayından etibarən bu mübarizəyə
qoşularaq yalnız COVID-19 xəstələrinin müalicəsi ilə məşğul
olduğunu qeyd edib. O, deyib: “Bu müddət ərzində 1800-dən çox
COVID-19 xəstəsi Mərkəzi Gömrük Hospitalında stasionar müalicə
almmış, onlardan ağır və kritik ağır vəziyyətdə olan 250-dən çox
pasiyent isə reanimasiya və intensiv terapiya şöbəsində müalicə
olunmuşdur. Mərkəzi Gömrük Hospitalında invaziv və qeyri-invaziv
respirator dəstək aparatlarına qoşulan xəstələr arasında sağ qalma
payı 68,7% təşkil etmişdir və bu rəqəm, Şimali Amerika, Avropa və
Asiyada 10000-dən artıq pasiyentin iştirakı ilə aparılmış 24
genişmiqyaslı elmi tədqiqatın orta statistik göstəricilərindən daha
yüksəkdir. Azərbaycanda ilk dəfə koronaviruslu xəstələrin
müalicəsində ekstrakorporal membran oksigenasiyası (EKMO) üsulundan
məhz Mərkəzi Gömrük Hospitalında istifadə olunmuş və bu ilk təcrübə
çox uğurlu alınmışdır.”

Mərkəzi Gömrük Hospitalının İnfeksiyaya Nəzarət Komissiyasının
xüsusilə pandemiya dövründə gərgin fəaliyyət göstərdiyini və
xəstəxanadaxili infeksiyalarla mübarizə istiqamətində uğurlu
şöbələrarası əlaqələndirilmiş iş təşkil etdiyini vurğulayan
E.Məmmədov məhz bu səbəblərdən personal daxilində koronavirusa
yoluxma faizinin minimum olduğunu qeyd etmişdir. O, çıxışının
sonunda konfransın COVID-19 xəstələrinin müalicəsi ilə məşğul olan
tibb müəssisələrində xəstəxanadaxili infeksiyalarla mübarizə
istiqamətində yerli və beynəlxalq təcrübənin öyrənilməsi üçün
faydalı bir platforma olacağına inandığını qeyd edərək konfransın
işinə uğurlar arzu edib.

Konfransın rəsmi açılış hissəsində eyni zamanda Dövlət Gömrük
Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin
rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d.,
əməkdar həkim, ürək-damar cərrahı Rəşad Mahmudov, “Tibbi Ərazi
Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) “Strateji inkişaf” departamentinin rəhbəri, t.ü.f.d. Yaqut
Qarayeva, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) əməkdaşı, Sağlamlıq
üçün Həmrəylik Təşəbbüsü layihəsinin rəhbəri Tural Qulu da çıxış
edib.

Konfransın rəsmi açılış hissəsində çıxış edən qonaqlar pandemiya
dövründə tibbi göstəriş olmadan antibiotik istifadəsinin yarada
biləcəyi fəsadlar barədə fikirlərini bölüşüblər və müxtəlif aktual
tibbi mövzularla bağlı mütəxəssislərarası təcrübə mübadiləsinin
təşkilində aktiv fəaliyyətə, eləcə də uğurlu əməkdaşlığa görə
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinə və Mərkəzi Gömrük
Hospitalına təşəkkür ediblər.

Konfransın rəsmi açılış hissəsindən sonra elmi hissə Mərkəzi
Gömrük Hospitalının rəis müavini Bəxtiyar Musayevin moderatorluğu
ilə öz işini davam etdirib. Elmi hissədə günün birinci yarısında
Mərkəzi Gömrük Hospitalının infeksionisti Mədinə Abdullayeva
tərəfindən “Xəstəxanadaxili infeksiyalar: ümumi yanaşma və diqqət
edilməli vacib məqamlar”, TƏBİB-in infeksion xəstəliklər üzrə işçi
qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva tərəfindən
“COVID-19 və xəstəxanadaxili rezistent bakterial infeksiyalar”,
TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif
Əliyev tərəfindən “COVID-19 və xəstəxanadaxili funqal
infeksiyalar”, günün ikinci yarısında isə Mərkəzi Gömrük
Hospitalının həkim-metodisti, İnfeksiya Nəzarət Komissiyasının
sədri Səttar Yaqubov tərəfindən “COVID-19 xəstələrinin müalicəsi
ilə məşğul olan tibb müəssisələrində infeksiyaya nəzarətin
əsasları-yerli təcrübə”, Florence Nightingale Xəstəxanalar Qrupunun
infeksionisti Feride Gökçe Demir tərəfindən “COVİD-19 pandemiyası
zamanı xəstəxanadaxili infeksiyalarla mübarizədə Türkiyə təcrübəsi”
və Mərkəzi Gömrük Hospitalının anestezioloq-reanimatoloqu Mehdi
Əliyev tərəfindən “COVID-19 və septik şok” mövzularında təqdimatlar
edilib.

Proqrama uyğun olaraq xüsusilə infeksionist, terapevt, cərrah və
anestezioloq-reanimatoloq ixtisasına malik həkimlər üçün nəzərdə
tutulmuş konfrans 300-dən çox müvafiq ixtisaslı həkimlərin iştirakı
ilə onlayn şəkildə ZOOM platforması üzərindən interaktiv müzakirə
sessiyaları vasitəsilə həyata keçirilib.

ZOOM platforması ilə yanaşı Mərkəzi Gömrük Hospitalının facebook
səhifəsi üzərindən də canlı yayımlanan konfrans Azərbaycan
Respublikası Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və
tədris tədbirlərinin akkreditasiya Qaydaları“ əsasında
akkreditasiya olunaraq 8 DTT balı ilə qiymətləndirilib.

Teqlər: