“COVID-19-un müalicə və diaqnostikasına müasir yanaşmalar” mövzusunda seminar keçirilib (FOTO)

5 aprel 2022-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə
Nazirliyinin Tibb Baş İdarəsi və Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin birgə təşkilatçılığı ilə
“COVID-19-un müalicə və diaqnostikasına müasir yanaşmalar”
mövzusunda seminar həyata keçirilib.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb baş idarəsinin
rəis müavini, tibb xidməti polkovniki İftixar Qurbanov seminar
iştirakçılarını salamlayaraq qurumlararası əməkdaşlıq sahəsində ilk
təcrübə olan seminarın təkcə elmi-praktik baxımdan deyil, həm də
hər iki təşkilatın tibb idarələri arasında gələcək qurumlararası
əməkdaşlıq perspektivləri üçün də əhəmiyyətli olduğunu qeyd edib.
Pandemiya ilə mübarizədə Mərkəzi Gömrük Hospitalının həkimlərinin
təqdirəlayiq təcrübə əldə etdiklərini qeyd edən İftixar Qurbanov
çıxışının sonunda seminar iştirakçılarına və məruzəçilərə uğurlar
arzu edib.

Seminarın rəsmi hissəsində çıxış edən Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini,
t.ü.f.d., dosent, tibb xidməti mayoru İsmayıl Əfəndiyev Dövlət
Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin, eləcə də idarənin
tabeliyində çalışan qurumların fəaliyyət istiqamətləri barədə geniş
məlumat verib.Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin
təcrübə mübadiləsi üçün hər zaman əməkdaşlığa hazır olduğunu qeyd
edən İsmayıl Əfəndiyev çıxışının sonunda seminar iştirakçılarını
müzakirələrdə aktiv olmağa dəvət edib.

Seminarın rəsmi hissəsində eyni zamanda Azərbaycan Respublikası
Ədliyyə Nazirliyi İxtisaslaşdırılmış müalicə müəssisəsinin tibb
xidmətinin Vərəm üzrə təlim mərkəzinin rəisi, tibb xidməti mayoru
İradə Məmmədova və Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət
İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi, gömrük
xidməti kiçik leytenantı Şəhla Mirzəzadə də çıxış edib. Onlar
müvafiq olaraq həkimlərin bilik və bacarıqlarının
təkmilləşdirilməsi, eləcə də həkimlərin davamlı tibbi təhsil
ehtiyaclarının təmin edilməsi istiqamətində Vərəm üzrə təlim
Mərkəzi və Elmi-Təcrübi və Tədris Mərkəzi tərəfindən həyata
keçirilmiş elmi tədbirlər barədə məlumat veriblər, həkimlərin
təcrübə mübadiləsinin vacibliyini vurğulayıblar.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İxtisaslaşdırılmış
müalicə müəssisəsinin tibb xidmətinin Vərəm üzrə təlim mərkəzində
həyata keçirilmiş seminarın rəsmi hissəsindən sonra Mərkəzi Gömrük
Hospitalının Laboratoriya şöbəsinin rəisi, tibb xidməti mayoru
Sevinc Gülmalıyeva “COVID-19 infeksiyasının diaqnostika və
müalicəsində laborator müayinələrin əhəmiyyəti”, Mərkəzi Gömrük
Hospitalının həkim-infeksionisti, tibb xidməti leytenantı Mədinə
Abdullayeva “COVID-19 müalicəsində diqqət edilməli vacib məqamlar”,
Mərkəzi Gömrük Hospitalının terapevti, tibb xidməti leytenantı
Xumar Novruzova “Postkovid sindrom: nələrə diqqət etməliyik?”
mövzularında məruzələrlə çıxış ediblər. Təqdimatlardan sonra
auditoriyanı maraqlandıran suallar cavablandırılıb, gələcək
əməkdaşlıq imkanları müzakirə edilib. Seminarın sonunda
iştirakçılara sertifikatlar təqdim olunub.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb baş idarəsinin
tabeliyindəki müxətlif müəssisələrin 25 nəfər müvafiq ixtisaslı
həkimlərinin iştirakı ilə həyata keçirilmiş seminar eyni zamanda
Mərkəzi Gömrük Hospitalının rəsmi facebook səhifəsi üzərindən də
canlı yayımlanıb.

Teqlər: