“COVID-19-un diaqnostika və müalicəsi” üzrə metodik vəsaitin təqdimatına həsr edilmiş Elmi Simpozium keçirilib (FOTO)

Aprelin 13-də Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi
tərəfindən tərtib edilmiş “COVID-19-un diaqnostika və müalicəsi”
üzrə metodik vəsaitin təqdimatına həsr edilmiş Elmi Simpozium
keçirilib.

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi
və Tədris Mərkəzi və Mərkəzi Gömrük Hospitalının birgə
təşkilatçılığı ilə keçirilən Elmi Simpozium dövlət himninin
səsləndirilməsi ilə öz işinə başlayıb.

Tədbirdə Dövlət qurumlarının rəsmi nümayəndələri, eləcə də
yüksəkixtisaslı həkimlərin iştirak edib.

Açılış nitqi ilə çıxış edən Dövlət Gömrük Komitəsi Tibbi Xidmət
İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov
COVID-19 infeksiyasının Azərbaycan əhalisi arasında kütləvi surətdə
yayılmasının qarşısının alınması və ölkəmizdə pandemiya şəraitinin
nəzarətdə saxlanılması istiqamətində ölkə rəhbərliyi tərəfindən
həyata keçirilmiş qabaqlayıcı tədbirlər barədə geniş məlumat verib,
Mərkəzi Gömrük Hospitalının da pandemiya dövründə 21 ay ərzində
yalnız kovid xəstələrinin müalicəsi ilə məşğul olduğunu bildirib.
O, bu dövrdə Mərkəzi Gömrük Hospitalında 2000-dən çox COVID-19
xəstəsinin stasionar müalicə aldığını, onlardan ağır və hədsiz ağır
vəziyyətdə olan 300-dən çox pasiyentin reanimasiya və intensiv
terapiya şöbəsində müalicə olunduğunu söyləyib. Mərkəzi Gömrük
Hospitalının əldə etdiyi müvafiq təcrübə əsasında ərsəyə gətirilmiş
metodik vəsaitin hazırlanma mərhələsi barədə məlumat verən
C.Məmmədov bildirib ki, bu vəsait yalnız şəxsi təcrübəyə deyil, həm
də çoxsaylı beynəlxalq araşdırmaların nəticələrinə, nüfuzlu
beynəlxalq elmi jurnallarda dərc edilmiş məqalələrə əsaslanır. Qeyd
olunub ki, metodik vəsait Azərbaycan Respublikası Səhiyyə
Nazirliyinin Elmi-Tibbi Şurasının 1 mart 2022-ci il tarixli 04
nömrəli qərarı ilə təsdiq edilib və bu sənəd COVID-19 pandemiyası
dövründə Tibbi Xidmət İdarəsi, Mərkəzi Gömrük Hospitalı tərəfindən
görülmüş işlərin məntiqi yekunudur.

Ceyhun Məmmədov onu da bildirib ki, elmi simpozium COVID-19-un
diaqnostika və müalicəsi sahəsində ən son nailiyyətlər barədə
müzakirə və təcrübə mübadiləsi aparılması üçün mütəxəssislər
arasında platforma yaratmaq məqsədi ilə təşkil olunub.

Simpoziumun rəsmi açılış hissəsində Milli Məclisin Səhiyyə
komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, TƏBİB-in İdarə
heyətinin sədri Vüqar Qurbanov, Səhiyyə Nazirliyinin Səhiyyənin
təşkili şöbəsinin müdiri Anar İsrafilov və Mərkəzi Gömrük
Hospitalının rəisi Elman Məmmədov da çıxış ediblər.

Onlar Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinə davamlı
tibbi təhsil fəaliyyətlərinin icrasına töhfə verdiyi üçün təşəkkür
edərək mövcud uğurlu əməkdaşlığın davamlı olacağına ümidvar
olduqlarını bildiriblər.

Rəsmi hissədən sonra simpozium Dövlət Gömrük Komitəsi Tibbi
Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev və Dövlət Gömrük
Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin
rəisi Rəşad Mahmudovun moderatorluğu ilə “COVID-19-un
diaqnostikası”, Mərkəzi Gömrük Hospitalının Reanimasiya və intensiv
terapiya şöbəsinin rəisi Tural Sadıqov və həmin şöbənin həkimi
Rəşad Nəsirlinin moderatorluğu ilə “COVID-19-un müalicəsi”
panelləri ilə öz işini davam etdirib.

Simpoziumda “Metodik vəsait: COVID-19-un diaqnostika və
müalicəsi üzrə beynəlxalq və yerli təcrübənin xülasəsi”,
“Koronavirusun diaqnostikasında zəruri laborator müayinələr”,
“COVID-19 xəstəliyinin radioloji diaqnostikası”, “COVID-19-un
müalicəsində istifadə edilən dərman vasitələri”, “Ağır koronavirus
xəstələrində ECMO tətbiqinin əsas prinsipləri” mövzularında Mərkəzi
Gömrük Hospitalının həkimləri tərəfindən hazırlanmış məruzələr
dinlənilib, auditoriyanı maraqlandıran suallar cavablandırılıb.
Elmi-simpozium zamanı iştirakçılara nəşr edilmiş metodik vəsaitlə
yanaşı Mərkəzi Gömrük Hospitalının tibb personalının koronavirusla
mübarizəsini əks etdirən foto-albom da paylanılıb.

Teqlər: