Mayın 1-dən ölkəmizdə qapalı məkanlarda tibbi maskadan istifadə
tələbi ləğv olunur. Bu barədə Nazirlər Kabineti yanında Operativ
Qərargah müvafiq qərar qəbul edib.
Karantin qaydalarının yumşaldılması COVID-19 pasportunun da ləğv
edilməsinə səbəb ola bilər?
Məsələ ilə bağlı Trend-in suallarını cavablayan Səhiyyə
Nazirliyinin İctimai səhiyyə və İslahatlar Mərkəzinin
həkim-mütəxəssisi Könül İsmayılova bildirib ki, pandemiyanın davam
etdiyi iki ilə yaxın bir müddətdə bütün dünyada bir sıra
amillərdən, o cümlədən, COVID-19 ştamlarının fəallığı,
klinik-epidemioloji xüsusiyyətlərindən asılı olaraq dünya
mənzərəsində epidemik alovlanmaların müxtəlif xarakterli
təzahürləri qeydə alındı.
“Bunlara müvafiq olaraq, dünya dövlətlərinin səhiyyə
orqanlarında şəraitə uyğun olaraq (yoluxanların sayı, xəstəliyin
ağırlıq dərəcəsi, xəstəxanalarda çarpayı sayı, ölüm göstəricisi və
s) müəyyən qərarlar qəbul etmək zərurəti yarandı. Lakin son yayılan
omikron ştamı və onun subvariantlarının daha yüngül klinik
xüsusiyyətlərlə müşahidə olunan xəstəlik törətmə qabiliyyəti,
letallıq dərəcəsinin az olması, artıq bütün dünyada, o cümlədən,
ölkəmizdə aparılan uğurlu vaksinasiya strategiyası hazırda qəbul
edilmiş karantin qaydalarına dəyişiklik edilməsi və yumşaldılması
şərtlərinə əsas verir. Buna əsasən, bir sıra karantin qaydaları,
qadağaları mərhələli şəkildə aradan qaldırılır”, – deyə o qeyd
edib.
K.İsmayılova, həmçinin, bildirib ki, Nazirlər Kabinetinin 171
nömrəli qərarına əsasən, 2022-ci il mayın 1-dən etibarən tənəffüs
yollarını qoruyan fərdi vasitələrdən istifadə artıq məcburi
xarakter daşımır.
“Təbii ki, pandemiya ilə bağlı narahatlıqların artıq arxada
qalması ilə bağlı ÜST-ün rəsmi bəyanatı olduqda, COVID-19
pasportlarının ləğvi ilə bağlı məsələlər Nazirlər Kabineti yanında
Operativ Qərargahın gündəmində müzakirə üçün çıxarılacaq”, – deyə o
əlavə edib.