“COVID-19 pandemiyası zamanı mamalıq və ginekoloji problemlərə müasir baxış” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb (FOTO)

11 fevral 2022-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi
Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi
Gömrük Hospitalının birgə təşkilatçılığı ilə Ümumdünya Xəstə Gününə
həsr edilmiş “COVID-19 pandemiyası zamanı mamalıq və ginekoloji
problemlərə müasir baxış” mövzusunda Beynəlxalq Elmi Konfrans öz
işinə başlayıb.
Açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Dövlət Gömrük
Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, tibb xidməti mayoru,
t.ü.f.d., dosent İsmayıl Əfəndiyev konfrans iştirakçılarını
salamlayaraq Ümumdünya Xəstə Günü barədə ətraflı məlumat verib və
konfrans mövzusunun təsadüfi seçilmədiyini qeyd edib. Ginekoloji
xəstələr üçün keyfiyyətli tibbi xidmətlərin formalaşdırılmasının
səhiyyənin prioritet qəbul etdiyi istiqamətlərdən biri olduğunu
qeyd edən İsmayıl Əfəndiyev xüsusilə pandemiya dövründə hamilələrin
təkmil tibbi xidmətlərlə təmin edilməsinin mühüm əhəmiyyət kəsb
etdiyini vurğulayıb. Çıxışının sonunda konfransın işinə uğurlar
arzu edən İ. Əfəndiyev konfransın işini açıq elan edib.
Konfransın rəsmi açılış hissəsində eyni zamanda Dövlət Gömrük
Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin
rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d.,
əməkdar həkim, ürək-damar cərrahı Rəşad Mahmudov, Azərbaycan Tibb
Universitetinin II Mamalıq-ginekologiya kafedrasının müdiri,
t.e.d., professor, əməkdar elm xadimi Hicran Bağırova və Azərbaycan
Tibb Universitetinin I Mamalıq-ginekologiya kafedrasının
professoru, t.e.d. Səadət Sultanova da çıxış edib.
Zoom platforması ilə yanaşı Mərkəzi Gömrük Hospitalının facebook
səhifəsi üzərindən də canlı yayımlanan Konfrans rəsmi açılış
hissəsindən sonra günün birinci yarısında Azərbaycan Tibb
Universitetinin II Mamalıq-ginekologiya kafedrasının müdiri,
t.e.d., professor, əməkdar elm xadimi Hicran Bağırova və Avropa
Kosmetik və Rekonstruktiv Ginekologiya Cəmiyyətinin prezidenti,
professor Ferid Saracoğlunun moderatorluğu ilə “Hamiləlik zamanı
COVID-19 infeksiyası” paneli ilə davam edib.
Konfransın günün ikinci yarısında Azərbaycan Tibb Universitetinin I
Mamalıq-ginekologiya kafedrasının professoru, t.e.d. Səadət
Sultanova və Mərkəzi Gömrük Hospitalının Mamalıq-ginekologiya
şöbəsinin rəisi, t.ü.f.d. Təranə Bayramovanın moderatorluğu ilə
“Hamiləlikdə COVID-19: diaqnostik və müalicə xüsusiyyətləri” paneli
və Azərbaycan Tibb Universitetinin I Mamalıq-ginekologiya
kafedrasının professoru, t.e.d. Səadət Sultanova və İstanbul Aydın
Universitetinin professoru, İstanbul Aydın Universiteti
Xəstəxanasının Süni Mayalanma Mərkəzinin rəhbəri Prof. Dr. Banu
Aygün Kumbakın moderatorluğu ilə “COVID-19-un qadın reproduktiv
sağlamlığına təsiri” paneli ilə öz işinə davam etməsi nəzərdə
tutulub.
Proqrama uyğun olaraq 350-dən çox müvafiq ixtisas sahiblərinin
onlayn olaraq iştirak etdiyi konfransda gün ərzində ümumilikdə 3
paneldə 11 məruzənin dinlənilməsi planlaşdırılır.
Qeyd edək ki, yüksəkixtisaslı mütəxəssislərin iştirak etdiyi
Beynəlxalq Elmi Konfrans Azərbaycan Respublikası Səhiyyə
Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin
akkreditasiya Qaydaları“ əsasında akkreditasiya olunaraq 8 DTT balı
ilə qiymətləndirilmişdir.


Teqlər: