ABŞ prezidenti Co Baydenin Azərbaycanın dövlət başçısına Novruz
bayramı münasibətilə ünvanladığı təbrik məktubunda əməkdaşlığa
sadiqliyin xüsusi olaraq vurğulanması ölkəmizə verilən böyük
dəyərin ifadəsidir.
Bunu AzerTimes-a
siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
O bildirib ki, Prezident Baydenin bu yanaşması sübuta yetirir
ki, Birləşmiş Ştatlar Azərbaycanın sülh, əməkdaşlıq, təhlükəsizlik
və tərəqqiə verdiyi töhfələri yüksək dəyərləndirir və hazırda
bəşəriyyət üçün həyati əhəmiyyət kəsb edən bu istiqamətlərdə
Vaşinqton-Bakı əlaqələrinin genişləndirilməsi üçün geniş imkanlar
var.
“Məktubda qarşıdan gələn dövrdə ABŞ-ın ölkəmizlə daha sıx
əməkdaşlıqda maraqlı olmasının ifadə edilməsi iki dövlət arasında
Bakı-Vaşinqton əlaqələri üçün ənənəvi olmayan digər istiqamətlərdə
də münasibətlərin dərinləşdirəcəyinə işarə edir.
Co Baydenin məktubunda yer alan istiqamətlər, o cümlədən
regional barışığın əldə olunması ilə bağlı məqam Azərbaycanın
regionda yaratdığı reallıqların qlobal miqyasda qəbul olunduğunu,
ölkəmizin suveren hüquqlarına hörmət bəslənildiyini, həmçinin
Azərbaycan-Ermənistan münasibətlərinin normalaşması, davamlı sülhün
əldə olunması prosesinə məhz mövcud reallıqlar çərçivəsindən
yanaşıldığını təsdiqləyir”, – deyə M.Mirzəbəyli vurğulayıb.
Siyasi şərhçi bildirib ki, son bir ay ərzində Türkiyə və
Azərbaycan prezidentləri arasında 3 dəfə telefon danışığı, bir dəfə
isə görüş keçirilib.
“Bundan başqa, Azərbaycan Prezidenti ilə NATO-nun Baş katibi,
Polşa Prezidenti Anjey Duda, Ukrayna Prezidenti Volodimir Zelenski,
Rusiya Prezidenti Vladimir Putin, Fransa Prezidenti Emmanuel Makron
, Moldova Prezidenti Maya Sandu, İtaliya Nazirlər Şurasının Sədri
Mario Draqi, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel,
Rumıniya Prezidenti Klaus Yohannis və Amerika Birləşmiş Ştatlarının
dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.
Bunlarla yanaşı, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığının Baş naziri Boris Consondan, Avstriya Respublikasının
Federal Prezidenti Aleksander Van der Bellendən, Fransa
Respublikasının Prezidenti Emmanuel Makrondan Prezident İlham
Əliyevə ölkəmizin regionda həyata keçirdiyi siyasətə dəstəyin ifadə
olunduğu məktublar ünvanlanıb.
ABŞ Prezidenti Co Baydenin məktubunu və bu məktubda qarşılıqlı
əməkdaşlığın inkişafına böyük önəm verildiyini də nəzərə alsaq,
ölkəmizin regional, subregional və qlobal proseslərdəki rolunun
bundan sonra da artacağını, Azərbaycanın Cənubi Qafqazda və daha
geniş arealda sülhün, təhlükəsizliyin və qarşılıqlı faydalı
əməkdaşlığın istinad nöqtəsinə çevriləcəyini, mübaliğəyə yol
vermədən söyləmək mümkündür”, – deyə o qeyd edib.
E.Mirzəbəyli əlavə edib ki, Azərbaycanın dünyada baş verən
kəskin, ziddiyyətli dəyşikliklər fonunda özünün qlobal
öhdəliklərinə sadiq qaldığını sözdə deyil, əməldə nümayiş
etdirməsi, sülh və təhlükəsizliyin təmin edilməsi istiqamətində
yürütdüyü çevik siyasət, dünyanın aparıcı dövlətləri, o cümlədən
ABŞ kimi supergüc tərəfindən də yüksək qiymətləndirilir.
“Bu gün Azərbaycan sülhün, əminamanlığın, təhlükəsizliyin,
humanizm dəyərlərinin keşiyində dayanan və təəssüf ki, sayı bir o
qədər də çox olmayan dövlətlərdən biri kimi daha ədalətli dünya
naminə səylərini əsirgəmir, uzun illərdən bəri yalnız bəşəriyyətin
işıqlı, xoşbəxt gələcəyinə, çoxmədəniyyətliliyin təşviqinə,
dialoqa, dinc və firavan birgəyaşayışa xidmət edən siyasət yürüdür,
öz timsalında kiçik ölkənin böyük məsuliyyət nümunəsini
göstərir.
Azərbaycan Prezidentinə ünvanlanan məktublar da ölkəmizin həyata
keçirdiyi siyasətin diqqət mərkəzində olduğunu və təqdir edildiyini
sübuta yetirir”, – deyə o qeyd edib.