Çindən Almaniyaya açılan yeni marşrut: Azərbaycanın iqtisadi mövqeyi daha da güclənir – TƏHLİL

Çin hakimiyyəti Sian şəhərindən (Şensi əyalətinin
şimal-qərbində) Almaniyanın Manhaym şəhərinə yük qatarları üçün
yeni marşrut açır. Bu marşrut, həmçinin, qarışıq dəmiryolu və dəniz
nəqliyyatından istifadə etməklə Qara dəniz və Xəzər dənizlərindən
keçəcək.

316 ton ağırlığında 42 konteynerlə yüklənmiş ilk qatar aprelin
13-də Sian şəhərindən yola düşüb. Bildirilir ki, qatar Qazaxıstan,
Azərbaycan, Gürcüstan, Rumıniya, Macarıstan, Slovakiya və Çexiyadan
keçərək ümumilikdə 11,3 min km məsafə qət edəcək və nəticədə
Manhaym şəhərinə çatacaq.

“ADY Container”dən Trend-in sorğusuna cavab olaraq verilən məlumata görə,
qatar Qazaxıstanın Aktau limanına çatdıqdan sonra konteynerlər
fider gəmisi vasitəsilə Bakı limanına göndəriləcək. Limanda
konteynerlər aşırıldıqdan sonra qatar Gürcüstanın Poti limanına
yola salınacaq. Sonra isə Qara dəniz vasitəsilə Avropaya
çatdırılacaq.

Məsələ ilə bağlı Trend-in suallarını cavablandıran Milli Məclisin
deputatı, iqtisadçı Vüqar Bayramov bildirib ki, yeni marşurut
Azərbaycanın iqtisadi mövqeyini gücləndirməklə yanaşı, eyni
zamanda, dövlət gəlirlərinin artmasına imkan yaradacaq.

“Xüsusən, Rusiya və İrana tətbiq edilən sanksiyalar fonunda
regiona yükdaşımaların həcmində artımların olacağı gözlənilir.
Azərbaycan yükdaşımalar baxımından regionda vacib bir ölkədir.
Regional layihələrin reallaşması bir daha təsdiq edir ki,
bütövlükdə beynəlxalq yükdaşımalar baxımından regional haba
çevrilməkdədir. Eyni zamanda, Bakı-Tbilisi-Qars da sözügedən
dəmiryolu xəttinə inteqrasiya olunacaq. Nəzərə alsaq ki,
Bakı-Tiblisi-Qarsın reallaşması ilə bağlı həmin zaman bir sıra qərb
ölkələrinin ciddi təzyiqləri vardı, buna rəğmən Azərbaycan
Prezidenti İlham Əliyevin siyasi iradəsi nəticəsində həmin dəmir
yolu reallaşdı və bu gün artıq həmin dəmir yolu Asiya və Avropanı
birləşdirən ümumi nəqliyyat xəttinin bir elementinə çevrilib,
beynəlxalq yükdaşımalarda xüsusi paya malik olub”, – deyə o qeyd
edib

V.Bayramov, həmçinin bildirib ki, pandemiyadan əvvəl Azərbaycan
üzərindən daşınan qeyri-neft məhsulların həcmində 65 faiz artım
qeydə alınıb.

“Bu isə ondan xəbər verir ki, mövcud infrastruktur, eyni
zamanda, beynəlxalq yükdaşımalarla bağlı prosedurların
elektronlaşdırılması nəticə etibarı ilə Azərbaycandan keçəcək,
Çindən Almaniyaya qədər uzanacaq yolun Azərbaycan iqtisadiyyatına
xüsusi töhfəsinin olmasına imkan yaradacaq və bu, təbii ki,
Azərbaycanın dövlət gəlirlərinin artması üçün qeyri-neft sektoruna
daxiolmalarda xüsusi mənbələrdən birinə çevriləcək”,- deyə o əlavə
edib.

Milli Məclisin deputatı Azər Badamov isə
AzerTimes-a deyib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti
nəinki ölkəmizin gələcək inkişafına hesablanıb, həm də region və
qitələri birləşdirən layihələri vaxtında icra etməklə bu gün
dəyişilən dünyada ölkəmizin qlobal əhəmiyyətini daha da
artırıb.

“Rusiya-Ukrayna müharibəsi dünya ölkələrinin iqtisadi
əməkdaşlığında yeni baxışlar meydana gətirib. Asiyanı Avropa ilə
birləşdirən ənənəvi marşurutlar əhəmiyyətini itirmək mərhələsində
olduğu bir zamanda yaratdığımız beynəlxalq nəqliyyat dəhlizlərinin
əhəmiyyəti günü-gündən artmaqdadır. Çinin təqdim etdiyi “Bir kəmər,
bir yol” layihəsinə qoşulan Azərbaycan ölkə daxilində yol
infrastrukturunu müasirləşdirib, Bakı Beynəlxalq Dəniz Ticarət
Limanını (BBDTL) və Bakı-Tiblisi-Qars (BTQ) dəmir yolunu istifadəyə
verməklə yeni beynəlxalq nəqliyyat dəhlizlərini ərsəyə gətirib”, –
deyə deputat bildirib.

O qeyd edib ki, BBDTL ildə 10 milyon ton yükaşırma
qabiliyiyyətinə malikdir və lazım gələndə bu həcmi iki dəfəyədək
artırmaq iqtidarındadır.

“2021-ci ildə BBDTL vasitəsilə 5 milyon tondan çox yük
aşırılmışdır. Bu da 2020-ci ilə nisbətən 20%-dən çox deməkdir. Bu
onu göstərir ki, dünya ölkələrinin Azərbaycan üzərindən keçən
marşrutlara marağı artmaqdadır. BTQ dəmir yolunun isə ilkin
mərhələdə 6,5 milyon ton, sonrakı mərhələdə isə 15 milyon tondan
çox yükləri daşıması potensialı vardır. Qeyd etdiyim kimi, bu gün
Azərbaycanın təqdim etdiyi bu beynəlxalq dəhlizlər Çindən Avropaya
daşınmaların zamanına 15 gün qənaet etməyə imkan verir. Bu, həm də
daha az maliyyə vəsaitlərinin xərcləndiyi rentabelli marşurut
olaraq günü-gündən daha da əhəmiyyətli olacaq.

Çin Almaniyaya yeni marşrut xəttini açdığını bildirmişdir və
artıq 13 apreldə yük qatarını Sian şəhərindən Avrropaya yola düşüb.
Yəni bu marşrut Qazaxıstan, Azərbaycan, Ruminiya, Macarıstan,
Slovakiya, Çexiya, Xəzər və Qara dənizlərdən keçməklə daha səmərəli
marşrut kimi dəyərləndirilmişdir. Ölkə başçımızın iqtisadiyyatın
diversifikasiyası siyasəti, beynəlxalq nəqliyyat dəhlizlərinin
istifadəyə verilməsi ilə ölkəyə daha çox gəlir gəlməyə başlamışdır.
Azərbaycan yerləşdiyi coğrafi yerindən çox səmərəli istifadə edərək
qitələri birləşdirən yeni marşrutları təqdim etməklə dünya üçün çox
əhəmiyyətli ölkəyə çevrilməkdədir”, – deyə A.Badamov əlavə
edib.

Teqlər: