Çində Yeni il başladı

Çində Yeni il başladı

Ay təqviminə görə Çində Yeni il fevralın 10-na keçən gecə başlayıb.

AzerTimes xəbər verir ki, Yaşıl Taxta Əjdaha bu ilin zodiak işarəsidir, Qara Su Dovşanını əvəz edir.
Zodiak bürcün əlamətləri Çin tarix hesabının dövri sistemi ilə bağlıdır. Yəni, ilin rəmzi ilə bu və ya digər ilk element (od, su, taxta, dəmir və torpaq) və rəng (qırmızı, qara, yaşıl, ağ və sarı) müvafiq olur. Dövrilik hər 60 ildən bir təkrar olunur, sonuncu dəfə Yaşıl Taxta Əjdaha ili 1964-cü ildə olub.

Yeni il və ya Bahar bayramını – Çuntszeni çinlilər adətən ailə əhatəsində qarşılayırlar. Evdən uzaqda işləyənlər və ya təhsil alanlar valideynləri və qohumları ilə birgə bayramı keçirməyə gəlirlər.

Yeni il gecəsi gümrah olmaq lazımdır. Bu adət qədim əfsanə ilə bağlıdır. Rəvayətə görə, qədim zamanlarda Yeni il ərəfəsində Nyan adlı bədheybət dənizdən çıxaraq kəndlərə hücum edib, insanları yeyib. Bu səbəbdən çinlilər Yeni il ərəfəsində qapıları bağlayır və dan yeri sökülənədək yatmırdılar. Bir dəfə bədheybət həyətdə oynayan uşaqlara hücum etmək istəyib, uşaqlar bambuk çubuqları yandırırlar. Bədheybət qırmızı alovu, yanan ağacın çırtıldamasını eşidib qorxub və qaçaraq uzaqlaşıb. Evləri və küçələri qırmızı rənglə, xüsusən də qırmızı fənərlə bəzəmək, eləcə də fişəng, taraqqa partlatmaq kimi Yeni il ənənəsi oradan qaynaqlanıb.

Yeni il gecəsi çinlilər ənənəvi olaraq bir-birinə yeni geyim, özü də bir qayda olaraq qırmızı rəngdə geyim hədiyyə verirlər. Valideynlər uşaqlara qırmızı zərfdə pul hədiyyə edirlər.

Yeni il masası böyük olmalıdır. Çində də belə hesab edirlər: Yeni ili necə qarşılasan, bütün ili elə keçirəcəksən.

Teqlər: