Çin Azərbaycana pulsuz 10 min doza vaksin göndərir

Xəbər - Elçin Mehdiyev – Trend:

Çin Kommunist Partiyası Mərkəzi Komitəsi tərəfindən Yeni Azərbaycan Partiyasına (YAP) 10 min doza vaksin verilməsi barədə qərar qəbul edilib.

YAP-dan AzerTimes-a verilən məlumata görə, bu haqda Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin xarici əlaqələr idarəsinin şöbə müdiri Can Cenkun bildirib. ÇKP MK-nın nümayəndəsi qeyd etmişdir ki, vaksinlər Yeni Azərbaycan Partiyasına yardım məqsədilə, təmənnasız veriləcəkdir və ehtiyac olduğu təqdirdə dozanın miqdarı artırıla bilər.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında 20 ildən artıq davam edən sıx qarşılıqlı əməkdaşlıq münasibətləri mövcuddur. Azərbaycan ilə Çin arasında təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dostluq və əməkdaşlıq münasibətləri ötən illər ərzində böyük inkişaf yolu keçmişdir. Azərbaycanın strateji tərəfdaşı kimi qəbul edilən Çin Xalq Respublikası ölkəmizin ərazi bütövlüyü prinsipini hər zaman bütün səviyyələrdə müdafiə edib. Ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında da əlaqələrin yaranmasına və dinamik inkişafına münbit şərait yaradıb.

Teqlər: