Xəzər dənizində çimərlikdə suitinə rast gəlinməsi bəzi insanlar arasında təşvişə səbəb olub. Xüsusi olaraq qeyd edim ki, suiti insan yemir, onlar yalnız balıqlarla qidalanır və bu o deməkdir ki, insana hücum etmə hadisəsi yoxdur.
AzerTimes xəbər verir ki, bu fikirləri Report-a açıqlamasında Zoologiya İnstitutunun elmi işçisi, Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov sosial şəbəkədə Xəzər dənizində insanların çimərkən suitinə rast gəlmələrinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, suitilər öz arealı çərçivəsində dənizin sularında üzür və onların bala fərdləri, digər heyvanların balaları kimin bəzən insanlara maraq göstərirlər:
“Ona görə təşvişə düşmək lazım deyil”.
E.Əsgərov xatırladıb ki, Xəzər suitisinin arealı digər suitilərin arealından milyonlarla il əvvəl ayrılıb və hazırda izolyasiya şəklində yalnız Xəzər dənizində rast gəlinir:
“Öz xırda ölçülərinə görə bu növ hətta Ginnesin Rekordlar kitabına salınıb. Bu növün sayı XX əsrin əvvəllərində daha çox olmuş və bəzi elmi məlumatlara görə hətta milyondan çox olub. Əsrin sonunda isə onların sayı artıq 3-4 dəfə azalıb. Buna səbəb xəstəliklər, suların çirklənməsi, yem ehtiyatının tükənməsidir”.
Müşahidələri dövründə həmin suitilərə daha çox ölü halda Xəzər dənizinin sahillərində rast gəldiklərini deyən qurum rəsmisi vurğulayıb ki, bu növə Azərbaycan sularında daha çox miqrasiya dövründə rast gəlinir:
“Onlar qış dövrünü Xəzər dənizinin şimalındakı buzların üzərində keçirirlər. Döl dövrü bitdikdən sonra üzü cənuba doğru miqrasiya edirlər və bizim sulardan keçərək cənuba gedirlər. Payız vaxtı yenə təzədən geriyə miqrasiya edərək bizim sularda görünməyə başlayırlar”.
O qeyd edib ki, suitilər yırtıcı məməli deyil:
“Onların diş quruluşları da fərqlidir. Bu növün əsas qidasını xırda balıqlar təşkil edir. Bizim sularımızda onların canlı olaraq müşahidə olunması elmi və təbiəti mühafizə ictimaiyyətinin sevincinə səbəb olub. Yəni, bu o deməkdir ki, suitilər yaxşı qorunur”.